Məhəmməd Əsədullazadə: “Prezidentin mesajı daha çox Ermənistana ünvanlanmışdı ki, yaranan imkandan faydalanın”
“Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir”.
Bu fikirləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında səsləndirib.
“Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”, - deyə dövlət başçısı əlavə edib.
Prezident Əliyevin açıqlamasında “bu imkanlar əldən verməməlidir” mesaj bölgədə kimə ünvanlanıb?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, cənab Prezidentin Gürcüstana səfəri və verdiyi açıqlamalar təbii ki, regional sülh, təhlükəsizliyin təmin edilməsi, inkişafı və buna əməl edilməsində xüsusilə mühüm əhəmiyyət kəsb edir: “Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsinə qədər regionda işğal faktoru var idi. Ermənistan Azərbaycana qarşı dövlət terroru, işğalçı siyasət aparırdı, separatizmi himayə edirdi. Məlum müharibə nəticəsində buna son qoyuldu. Eyni zamanda Azərbaycan bir günlük antiterror əməliyyatları keçirərək suverenliyini tam təmin etdi. Bütün bunlardan sonra regionda sülh və təhlükəsizlik, əməkdaşlıq formatı qurulub. Məhz Prezident Tbilisiyə səfərində də növbəti mərhələdə Azərbaycan-Ermənistan-Gürcüstanın iştirakı ilə üçtərəfli siyasi platformanın da qurulması istisna edilmədi. Prezident Əliyev bu müstəvidə çalışır ki, regionda sülh və əminamanlıq olsun. Çünki 30 il ərzində regionda sülh olmayıb. Müharibə və yaxud da müharibə şəraiti olub. Üçüncü ölkələr çalışıblar ki, bundan istifadə edərək regionda geosiyasi mövqelərini gücləndirsinlər. Yəni xalqlar arasında nifaq faktorundan istifadə edərək bundan faydalanmağa çalışıblar. Artıq buna son qoyulub. Hazırda yeni dünya siyasi nizamı qurulur və bölgədə sabitliyin qorunub saxlanması gündəmdədir. Ona görə də Azərbaycanın da üzərinə böyük öhdəliklər düşür. Çünki regionun lider dövlətidir və bu müstəvidə Gürcüstanla, Ermənistanla əməkdaşlıq edəcək. Sülhü və təhlükəsizliyi qorumaq istiqamətində mühüm addımlar atılacaq. Üçtərəfli razılaşmaların da imzalanmasını istisna etmirəm. Bu baxımdan Prezidentin mesajı daha çox Ermənistana ünvanlanmışdı ki, yaranan imkandan faydalanın. Yəni Ermənistan bu istiqamətdə konkret addımlar atmalıdır və bir qədər tələsməlidir. Çünki gedən müharibələr, qarşıdurmalar fonunda geosiyasi proseslər sürətlə dəyişir”.
Vidadi ORDAHALLI