KKTC Baş naziri Ünal Üstel’in Bakı səfəri mühüm diplomatik təşəbbüs kimi qiymətləndirilə bilər. Bu səfər, Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq aləmdə görünürlük axtarışının planlı və konkret təzahürü kimi qəbul olunmalıdır. Sahədə diqqət çəkən əsas məqamlardan biri isə KKTC-nin Bakıdakı səfiri Ufuk Turganer tərəfindən həyata keçirilən diplomatik hazırlıq prosesidir. Görüşlərin dəqiqliklə planlaşdırılması, təmasların nizam-intizamı və koordinasiyası bu prosesin təsadüfi deyil, düşünülmüş strategiyanın nəticəsi olduğunu göstərir. Səfərin əsas məqamlarından biri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Baş nazir Üsteli qəbul etməsi oldu. Əliyevin son dövrdə Türk dünyası və KKTC ilə bağlı verdiyi mesajlar Bakının bu istiqamətdə mövqeyinin daha aydın və güclü bir zəminə oturduğunu göstərir. Bu qəbul diplomatik jestdən daha çox siyasi mesaj xarakteri daşıyır. Digər tərəfdən, Azərbaycan Baş naziri Əli Əsədov ilə keçirilən görüş münasibətlərin hökumətlər səviyyəsində də konkret məzmun qazandığını göstərir. İki baş nazirin bir araya gəlməsi əlaqələrin yalnız simvolik deyil, praktik müstəvidə inkişaf etdiyini ortaya qoyur. Bakı təmasları çərçivəsində Azərbaycanlı üç nazir ilə keçirilən görüşlər də diqqət çəkən məqamlardandır. Bu təmaslar əməkdaşlığın yalnız siyasi deyil, iqtisadi, mədəni və digər sahələri də əhatə edəcək şəkildə genişləndirilməsi istiqamətində addımların atıldığını göstərir. Bakıda formalaşan mənzərə yalnız iki ölkə arasındakı qardaşlığın təzahürü kimi deyil, eyni zamanda Türk dünyası daxilində KKTC-nin mövqeləndirilməsi istiqamətində güclü iradənin ifadəsi kimi dəyərləndirilə bilər. Xüsusilə qlobal miqyasda müharibə və böhranların artdığı bir dövrdə bu səfərin zamanlaması ayrıca diqqət çəkir. Beynəlxalq sistemdə qeyri-müəyyənliklərin artdığı, balansların sürətlə dəyişdiyi bir mərhələdən keçilir. Belə bir şəraitdə kiçik görünən diplomatik addımların uzunmüddətli təsirlər yarada biləcəyi nəzərdən qaçırılmamalıdır. KKTC-nin atdığı bu addımlar mövcud durğunluğu aşmaq və daha fəal xarici siyasət xətti formalaşdırmaq cəhdinin tərkib hissəsi kimi görünür. Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin qonaq heyətinə göstərdiyi səmimi qonaqpərvərlik isə parlamentlərarası əlaqələrin düzgün istiqamətdə inkişaf etdiyinin ən konkret nümunələrindən biri kimi qeyd edilə bilər. Ortaya qoyulan diplomatik performans klassik səfərlərin fövqündə bir hazırlıq və niyyət ehtiva edir. Bu səbəbdən Bakı təmaslarının həm tarixi bir qeyd, həm də gələcəyə yönəlik strateji başlanğıc kimi qiymətləndirilməsi məqsədəuyğun hesab olunur. Sərdar ŞENGÜL