- Azərbaycan Orta Dəhlizin inkişafına böyük sərmayələr yatırıb, müasir nəqliyyat və logistika infrastrukturu yaradıb. Həmçinin Xəzər dənizində ticarət donanmasının gücləndirilməsi, beynəlxalq dəniz limanı imkanlarının artırılması, dəmir yolu və avtomobil yolu infrastrukturunun yenilənməsi, logistika mərkəzlərinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardır.
Bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Baş nazir Əli Əsədov deyib.
“Əminik ki, üzv dövlətlər arasında koordinasiyanın daha da gücləndirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi və tarif siyasətinin uyğunlaşması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması da böyük əhəmiyyət daşıyır. Bu layihənin önəmi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması ilə məhdudlaşmır. Bu layihə həm də bütün Türk dünyasının birləşdirilməsi və bütövlükdə daha geniş region üçün yeni nəqliyyat və kommunikasiya imkanlarının açılması baxımından strateji əhəmiyyətə malikdir”, - deyə Əli Əsədov vurğulayıb.
Baş nazir bildirib ki, enerji sahəsində əməkdaşlıq da gündəliyin mühüm istiqamətlərindəndir. Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır. “Ənənəvi enerji resursları sahəsində qazandığımız təcrübə və formalaşdırdığımız infrastruktur bu gün yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb. Bununla da Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sırada qərarlaşıb. Lakin bizim enerji siyasətimiz yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. Azərbaycan hazırda yaşıl enerji gündəliyini fəal şəkildə təşviq edərək bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir.
Azərbaycanın, eyni zamanda, Özbəkistan və Qazaxıstanın bərpaolunan enerji potensialından faydalanmaqla regionlararası əlaqələrin inkişafı əməkdaşlığımızın əsas istiqamətlərindən biridir.
Bu baxımdan Qırğızıstanın Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlığa qoşulmaq niyyətini alqışlayırıq”, - deyə Baş nazir bildirib.