Sosial mediada Türkiyənin İranın tərəfində müharibəyə qoşulacağı və ya Livana daxil olacağı ilə bağlı yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və heç bir əsası yoxdur.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında deyilir. Qeyd olunur ki, Ankara münaqişənin əvvəlindən etibarən müharibənin tərəfi olmadığını açıq şəkildə bəyan edib. Açıqlamada o da bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hücumların tezliklə dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və davamlı sülhün təmin olunması üçün intensiv diplomatik səylər göstərir. Açıqlamada həmçinin vurğulanır ki, Türkiyənin bu mövqeyi, başda münaqişə tərəfləri olmaqla, beynəlxalq aktorlar tərəfindən də müsbət qiymətləndirilir.
Qeyd olunur ki, bu cür dezinformasiya xarakterli paylaşımlar psixoloji müharibənin bir hissəsi olmaqla, Türkiyənin imicinə zərər vurmaq və böhran zamanı oynadığı konstruktiv rolu kölgə altına almağa yönəlib.
Eyni zamanda, ictimaiyyətə yalnız rəsmi mənbələrin açıqlamalarına etibar etmələri tövsiyə olunur. SAMİRƏ