Qlobal enerji təchizatının şah damarı sayılan Hörmüz boğazı ətrafında böhran dərinləşr. Əsasən Avropadan ibarət 22 ölkə birgə bəyanat yayaraq Hörmüz boğazının açılmasına "müvafiq səylərə töhfə verməyə" hazır olduqlarını bildirib.
BƏƏ, Bəhreyn və Avropa nəhəngləri də daxil olmaqla 22 ölkə İranın Hörmüz boğazını faktiki olaraq bağlamasını pisləyən birgə bəyanat yaydılar.
Enerji qiymətlərinin artmasına səbəb olan blokada qarşısında ölkələr təhlükəsiz keçidi təmin etmək üçün məsuliyyət daşımağa hazır olduqlarını bəyan etdilər.
"İranın Körfəzdəki silahsız ticarət gəmilərinə son hücumlarını, neft və qaz obyektləri də daxil olmaqla mülki infrastruktura hücumlarını və İran qüvvələri tərəfindən Hörmüz boğazının faktiki bağlanmasını qınayırıq. İranı təhdidlərini, minalama fəaliyyətlərini, dron və raket hücumlarını, ticarət gəmilərinin keçidinə mane olan digər cəhdlərini dərhal dayandırmağa çağırırıq.
Həmçinin boğazdan təhlükəsiz keçidi təmin etmək üçün müvafiq səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk. Hazırlıq planları hazırlayan ölkələrin öhdəliklərini alqışlayırıq" – deyə birgə bəyanatda bildirilir.
“Kpler” analitik şirkətinin məlumatlarına görə, 1-19 mart tarixləri arasında Hörmüz boğazından yalnız 116 gəmi keçə bilib. Dünyanın neft və qaz təchizatının 20 faizinin keçdiyi su yolunun blokadası qlobal enerji qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub. Ölkələr neft və qaz obyektləri də daxil olmaqla mülki infrastruktura hücumların dərhal dayandırılmasını üçün hərtərəfli moratorium tələb ediblər.
Rumıniya Prezidenti Nikosor Dan bu beynəlxalq təşəbbüsə qoşulduqlarını açıqlayıb. Dan qərarın dünya enerji bazarlarındakı ağır nəticələr və yanacaq qiymətlərinin artması səbəbindən verildiyini qeyd edib və dünya birliyinin qiymətləri dözümlü səviyyədə saxlamaq səylərini dəstəkləyəcəklərini qeyd edib.
Rumıniya naviqasiya azadlığını təmin etmək üçün Britaniya, İtaliya, Hollandiya və Yaponiya kimi ölkələrlə əlaqələndirilmiş şəkildə hərəkət edəcək.
Tahir TAĞIYEV