İranın İrəvandakı səfiri Xəlil Şirqolami, Tehranda Ermənistanın İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyi təəssüratının formalaşdığını bildirib.
"İrandakı hadisələr İsrail və ABŞ tərəfindən ölkəmizi bölmək məqsədi ilə planlaşdırılıb və əgər bu baş verərsə, əminliklə deyə bilərəm ki, Ermənistan uduzanlardan biri olacaq", - deyə səfir bildirib.
O, bildirib ki, artıq altı gündür səfirliyin binası qarşısında bir qrup şəxs (Qərb tərəfdarları) tərəfindən saat 18:00-dan 21:00-dək təhqiramiz və nalayiq bəyanatların səsləndiyi aksiyalar keçirilir.
"Biz dəfələrlə Ermənistanın müvafiq orqanlarına şikayətimizi bildirmişik, lakin etirazçılar yenə cəzasız qalır. Ən çətin anlarda biz Ermənistan xalqının və hökumətinin yanında olmuşuq. Bunun bir çox nümunəsi var. Bu gün biz çətin vəziyyətdəyik. Və Ermənistandakı İran səfirliyinin qarşısında baş verən hadisələr İran xalqının tarixi yaddaşında qalacaq. Düşünürəm ki, fikrimi aydın şəkildə ifadə etdim", - deyə Şirqolami bildirib.
Diplomat narahatlıqlarını erməni tərəfdaşlarına çatdırdıqlarını və Ermənistanın heç vaxt İran üçün təhlükə mənbəyinə çevrilməyəcəyinə ümid etdiklərini deyib.
Ermənistan Daxili İşlər Nazirliyi isə bildirib ki, nazirlik vətəndaşların hərəkət azadlığı hüquqlarının həyata keçirilməsinə və Ermənistan qanunları və beynəlxalq öhdəliklər çərçivəsində dinc etirazların keçirilməsinə mane olmamağa borcludur.
Tahir TAĞIYEV