Məhəmməd Əsədullazadə: “Müharibə genişlənsə, Azərbaycana qaçqın axını baş verə bilər”
Məlum olduğu kimi, İranda böhran dərinləşməkdədir. Günlərdir hökumət əleyhinə davam edən etiraz mitinqlərinin miqyası daha da böyüyür. O cümlədən, ölkədə toqquşmalar artmaqdadır.
İranda vəziyyətin gərginləşməsi region ölkələri üçün də müəyyən risklər yaradır. Düzdür, Azərbaycanın quru sərhədləri illərdir bağlıdır. Ancaq bütün hallarda İranda qarşıdurmanın kəskinləşməsi, xaosun uzanması Azərbaycan üçün nə deməkdir? Orada gedən proseslər Azərbaycan üçün hansısa təhdidlər yarada bilərmi? Yaradarsa bu, nə ola bilər?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, müəyyən risklər var: “Nəzərə almaq lazımdır ki, Azərbaycan İranla qonşudur. Ən başlıcası isə orada 40 milyon azərbaycanlı yaşayır. İranda qarşıdurmanın kəskinləşməsi və yaxud da rejimin dəyişməsi, bizim maraqlarımıza uyğun olmayan siyasi qüvvələrin hakimiyyətə gəlməsi Azərbaycan üçün mənfi nəticələri ola bilər. Azərbaycan istəyir ki, İranda sabitlik, sosial rifah olsun və qonşuluq prinsipləri əsasında münasibətlər yüksək səviyyədə olsun. Ancaq hazırda İranda gedən proseslərin nə ilə nəticələnəcəyi sual altındadır. Çünki ABŞ-ın hərbi planı var, o biri tərəfdən etiraz aksiyaları davam edir. Əgər ABŞ hərbi müdaxilə etsə, əsasən hərbi hissələri, qərarvermə mərkəzlərini hədəf alacaq. Düşünmürəm ki, humanitar obyektlər vurulsun. Ancaq İranın da ABŞ-a qarşı sərt reaksiyasını görəcəyik. Bu da müharibənin genişlənməsinə səbəb ola bilər. Təbii ki, fikrimcə, Azərbaycanın öz planı var. Türkiyə ilə koordinasiyalı çalışır. Müharibə genişlənsə, Azərbaycana qaçqın axını baş verə bilər. Cənubda soydaşlarımız yaşadığı üçün biz qapıları onların üzünə bağlaya bilmərik. Hesab edirəm ki, bununla bağlı müəyyən risklər var. Bu da təbii ki, bizim maraqlarımıza cavab vermir”.
Vidadi ORDAHALLI