İlyas Hüseynov: “Ermənistan Azərbaycanın xarici siyasətini təkrarlamağa çalışır”
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstanın Astana şəhərinə rəsmi səfər edəcək. Səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutur. Paşinyan 20-21 noyabr tarixlərində Qazaxıstanda olacaq.
Məlumata görə, səfər zamanı Qazaxıstan və Ermənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi perspektivlərinin müzakirəsi planlaşdırılır.
Məlumdur ki, Prezident İlham Əliyev bu günlərdə Özbəkistanda səfərdə olub. Həmin səfərdə Azərbaycan Məşvərət görüşünə tamhüquqlu iştirakçı qismində qatılıb.
Onu da deyək ki, hazırda Ermənistan Qazaxıstanla yaxınlıq etməyə çalışır. Ermənistana taxıl Azərbaycan üzərindən gedib. Bu yaxınlıqdan nə gözlənilir? Ehtimal edilirmi ki, Ermənistan Qazaxıstanın dəstəyi ilə nə vaxtsa Asiya dövlət başçılarının zirvəsində qonaq kimi iştirak etsin?
“Məlum səfər Azərbaycanda diqqətlə izləniləcək, çünki Qazaxıstan ölkəmizlə Ermənistan arasında vasitəçilik üçün töhfə verib”
Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın sülh və təhlükəsizlik istiqamətində niyyətləri və təşəbbüsləri açıq və aydındır: “Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanandan sonra məlum müqavilənin imzalanması gözlənilir. Bu istiqamətdə Ermənistan konstitusiyasının dəyişdirilməsi mühum əhəmiyyət daşıyır. Bununla yanaşı, ölkə başçısı İlham Əliyevin Özbəkistanın paytaxtı Daşkəndə səfəri çərçivəsində Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının konsultativ şurasının daimi üzvünə çevrildi. Proseslərin daha da dərinləşməsi üçün bu addım mühum idi. O da məlumdur ki, Mərkəzi Asiyada gedən proseslərin daha da dərinləşməsi üçün bu mühum addım idi. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiyada gedən proseslərdə yaxından iştirak edir. Onu da deyim ki, bu, İlham Əliyevin Mərkəzi Asiya liderlərinin konsultativ görüşündə 3-cu iştirakı idi. Bundan öncə Düşənbə və Astanada iştirak edib. Bunun ardınca Nikol Paşinyanın Qazaxıstana səfəri gözlənilir. Məlum səfər Azərbaycanda diqqətlə izləniləcək, çünki Qazaxıstan ölkəmizlə Ermənistan arasında vasitəçilik üçün töhfə verib. 1991-ci ildə Almatıda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşü keçirilib. Həmçinin, Vaşinqton sammitindən sonra Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatdırılması ilə bağlı tarixi razılaşma əldə olundu. Məhz bu xüsusda məlum səfərin nəticələri bizim üçün çox maraqlıdır. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiyada fəallaşması Ermənistanı bu proseslərə cəlb edir. Ümumiyyətlə, Ermənistan Azərbaycanın xarici siyasətini təkrarlamağa çalışır”.
Günel CƏLİLOVA