Ərşad Hüseynov: "Son zamanlar ölkəmizdə köhnə maşınların ehtiyat hissələrinin təkrar dövriyyəyə buraxılması halı artıb"
2024-cü ildə son illərdə ilk dəfə olaraq Azərbaycana avtomobil ehtiyat hissələrinin idxalında azalma qeydə alınıb.
Qeyd edək ki, Azərbaycana 2023-cü ildə 386 milyon dollar dəyərində ehtiyat hissəsi idxal edilməklə rekord nəticə əldə edildi. Amma 2024-cü il rekord yenilənməyib, əksinə, idxal həcmi azalıb. 2024-cü ildə idxalın dəyəri 37 milyon dollar azalaraq 349 milyon dollar olub.
Maraqlıdır, ehtiyat hissələrinin idxalının 10 faiz azalmasının səbəbi nədir? Yeni maşınlar daha keyfiyyətlidir, yoxsa başqa səbəblər var?
"Son illər ölkəmizə yeni avtomobillər gətirilir, onlara da texniki qulluq bir neçə il sonra lazım olacaq deyə…"
Nəqliyyat eksperti Ərşad Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, avtomobil ehtiyyat hissələrinin azalmasının bir neçə səbəbi var. Bu da iqtisadi və avtomobilə insanların yanaşması ilə bağlıdır: "Məlumdur ki, son illər ölkəmizə yeni avtomobillər gətirilir. Düzdür, idxal olunan avtomobillərin sayında ikinci əl, işlənmiş maşınlar üstünlük təşkil edir. Əvvəllər ölkəyə gətirilən avtomobillərin 20 faizi yeni idi, ancaq son illər bu say artmaqdadır. İdxal olunan yeni avtomobillərə texniki qulluq bir neçə ildən sonra baş tutacaq. Bu səbəbdən idxal olunan avtomobil ehtiyat hissələrində azalma müşahidə olunur".
Həmsöhbətimiz onu da əlavə etdi ki, idxalın azalmasının səbəblərindən biri də bu işlə məşğul olan sahibkarların başqa bazara üz tutmasıdır: "Avtomobil ehtiyat hissələrinin idxalı ilə məşğul olan şəxslər ucuz bazara yönəlir. Məlumdur ki, bu sahə üzrə ucuz bazar qismində Çin və Rusiya çıxış edir. Ola bilsin ki, qeyd edilən bazarlardan ucuz avtomobil ehtiyat hissələrinin gətirilməsi azalıb. Həmçinin onu da deyim ki, son zamanlar ölkəmizdə köhnə maşınların ehtiyat hissələrinin təkrar dövriyyəyə buraxılması halı da artıb. Bu da daxildə müəyyən tələbatları ödəyir.
Onu da deyim ki, son illər ölkəmizə gətirilən avtomobillər əsasən büdcəyə uyğun, yəni çox baha olmayan nəqliyyat vasitələridir. Həm alış qiyməti, həm də texniki qulluğu ucuz olan avtomobillərin idxalı üstünlük təşkil edir".
Günel CƏLİLOVA