Aydın Mirzəzadə: "Azərbaycan xalqı heç bir zaman ona vurulan zərbəni unutmayacaq"
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası davam edir.
Məhkəmədə prokuror ittiham aktını elan edən zaman ermənilər tərəfindən 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürüldüyü qeyd edib. O bildirib ki, qeyd olunan dövr ərzində 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.
Millət vəkili Aydın Mirzəzadə "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Ermənistanın Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaması böyük fəlakətlərə səbəb oldu: "Erməni işğalı nəticəsində ölkəmizə milyard dollar səviyyəsində ziyan vuruldu, təbii sərvətlərimiz dağıdıldı, mədəniyyət və incənətimiz xəsarət aldı. Ən böyük zərbə insan itkisi oldu. 20 minə yaxın insan şəhid oldu, onların içərisində mülki vətəndaşlarda var. Bütün bunlar “böyük Ermənistan” arzusu nəticəsində baş verdi. İşğalçı ölkənin dinc sakinləri atəşə tutması düşmənin həm azğınlığından, həm də zəifliyindən xəbər verir. Onlar Azərbaycan əsgəri ilə üzbəüz gəlməkdən qorxurdular. Azərbaycan xalqı heç bir zaman ona vurulan zərbəni unutmayacaq. Hər bir şəhidimizin xatirəsi əzizdir, onlar heç vaxt unudulmayacaq".
Millət vəkili onu da əlavə etdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi. Döyüşlər Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan əsgərinin şücaətini, xalqımızın qətiyyətini göstərdi.
Günel CƏLİLOVA