“Rusiya Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləmək üçün böyük potensial görür”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsinə baxılır: “Biz bu layihənin həyata keçirilməsi ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Təbii ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə edilməsinin hazır olmasından asılıdır”. Beləliklə, bu açıqlama göstərir ki, Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraq dairəsində yer alır. Bunlar fonunda erməni mediasında, ekspert dairələrində fikirlər səslənir ki, Ermənistan dəhlzin açılmasına razılıq verməli olacaq. Erməni politoloq Artur Xaçikyanın bu xüsusda fikirləri olduqca diqqət cəlb edir: “Ermənistan hakimiyyəti bir dəfə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Bundan sonra biz Qarabağı itirdik. Allah eləməsin ki, hakimiyyət “Zəngəzur Ermənistandır və nöqtə” desin. Biz bu qədər aşağılanmış vəziyyətdə olmamışdıq. Türkiyə, İran, Azərbaycan Ermənistandan keçən dəhlizi İrəvan olmadan müzakirə edir. Türkiyə və Azərbaycan dəhliz tələb edir: sən demə, dəhliz ən azı ikidir və bunlar strateji mahiyyət daşıyır”. Xaçikyan qeyd edib ki, Azərbaycan dəhlizdən heç də az aqressiv olmayan tərzdə Ermənistana 300 min azərbaycanlının qaytarılmasını tələb edir: “Onların ardınca Azərbaycan polisi gələcək. Bundan başqa, onlar AES-in bağlanmasını tələb edirlər. Həm də “erməni soyqırımı”ndan imtina etməyimizi də tələb edirlər”. Onun sözlərinə görə, Qərb dəhlizin açılmasında maraqlıdır, çünki Azərbaycan onda NATO üzvü olan Türkiyə ilə birləşəcək. Xaçikyan Qərbin Ermənistana yardım etməyəcəyini, İranın da hərbi müdaxiləyə getməyəcəyini vurğulayıb: “Ermənistan hakimiyyəti başqalarının maraqlarına xidmət edir, sözdən başqa bir şey verməyən Qərbi razı salmağa çalışır”. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Paşinyanı Saakaşvilininin aqibəti gözləyir, onu da həbs edəcəklər və heç kim onun müdafiəsinə qalxmayacaq. Amma bizim üçün ən pisi Rusiya, Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizini bütün vasitələrlə açmaq planıdır. Hər üç ölkə üçün bu, həyati əhəmiyyət kəsb edir. Qərb də Ermənistanı müdafiə etməyəcək. ABŞ və Avropa İttifaqı qarşı çıxacaq, hətta sanksiyaların tətbiqi məsələsini gündəmə gətirə bilərlər, lakin bütün bunlar Ermənistanın işini asanlaşdırmayacaq. Qarabağ məsələsində də eyni şeylər oldu. Zəngəzuru itirmək risqimiz var. Bizi yeni itkilər gözləyir”. Elə alman politoloq Aleksandr Rar da vurğulayır ki, Ermənistanın Zəngəzur dəhlizinə müqaviməti əbəsdir: “Mən istisna edirəm ki, Avropa Ermənistanın suveren ərazilərini təslim etməyə razı olacaq. Bu baş verməyəcək. Eyni zamanda, ola bilsin ki, nəqliyyat kommunikasiyalarının açılması məsələsində tərəflər Kalininqrad üçün Avropa üzərindən işləyən tranzit mexanizmindən istifadə etmək barədə razılığa gələ bilərlər. Amma bu, sonrakı danışıqlar məsələsidir”. Ekspert hesab edir ki, Bakı Ermənistanla müharibəyə başlamayacaq: “Bir neçə il əvvəl dünya birliyi təkcə ərazi bütövlüyü prinsipini deyil, həm də xalqların öz müqəddəratını təyinetmə hüququnu prioritet hesab edirdi ki, bu da Ermənistan tərəfi üçün faydalı idi. Lakin Ukrayna müharibəsi başlayandan sonra vəziyyət Azərbaycanın xeyrinə dəyişdi”. Onun sözlərinə görə, Qafqaz regionunda vəziyyət sakitləşməyib: “Ancaq buna görə kompromislər tapmaq üçün danışıqlar aparılır. Həm Ermənistan, həm də Azərbaycan bazarlıq edəcək, çünki regionda ciddi geosiyasi dəyişikliklər baş verib”.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Zəngəzur dəhlizi də bu fonda mühüm əhəmiyyət kəsb edir. Zəngilanı Naxçıvandan cəmi 43 kilometrlik Zəngəzur dəhlizi ayırır. Dəhlizin bərpa olunması ölkəmizə yeni iqtisadi perspektivlər qazandıracaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız Qərbi Zəngəzurla, sonra isə Ordubad vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti uğuru olacaq. Bu mənada Naxçıvan Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsinə start verən məkan rolunu oynayır. Çünki Naxçıvan elə bir bölgədə yerləşir ki, gələcəkdə mühüm yol infrastrukturunun, eləcə də Zəngəzur dəhlizinə bitişik ərazilərdə magistral yolların, yüksək gərginlikli elektrik xətlərinin habı rolunu oynaya bilər. Zəngəzur dəhlizinin özünün isə, ümumiyyətlə, böyük regional və beynəlxalq əhəmiyyəti var. Çünki bu layihə Şimal ilə Cənub, Qərb ilə Şərq nəqliyyat dəhlizlərini birləşdirən önəmli arteriyadır. Burada onu da qeyd edək ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə heç də Ermənistan ərazisinə iddia etmir. Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu xüsusda bildirir: “Ermənistan Azərbaycana onun əsas ərazisi ilə Naxçıvan arasında Zəngəzur dəhlizi ilə maneəsiz nəqliyyat hərəkətini təmin etmək üçün etibarlı təminat verməlidir. Zəngəzur dəhlizinə gəlincə, ermənilər bu dəhlizlə bağlı düşüncələrimizi yanlış, yəqin ki, səhv anlayıblar. Çünki Azərbaycan tərəfi bu ərazilərə iddia etmir və oranı Ermənistanın suveren ərazisi kimi tanıyır”. E.Əmirbəyov qeyd edib ki, onların dəhlizin təhlükəsizliyini necə təmin edəcəkləri başqa məsələdir: “Bu ayrı məsələdir, çünki üçtərəfli atəşkəs bəyanatına uyğun olaraq, hərəkətin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin edəcəklər. İndi belə görünür ki, Ermənistan bu öhdəliyi yenidən nəzərdən keçirir, çünki ruslara tapşırılan bu rol artıq onları qane etmir”.
Ramil QULİYEV