Talıbovların çöküşündən sonra Naxçıvanda kadr dəyişiklikləri davam edir. Bu vaxta qədər bir neçə məmur xüsusilə iri məbləğdə yeyintilərə görə, işdən azad edilib və ya həbs edilib.
Proses davam etdirilir və muxtar respublika ictimaiyyəti baş verənləri diqqətlə izləyir.
Son günlərdə daha iki məmur haqda xəbər yayılıb. Prezidentin sərəncamı ilə Naxçıvanın baş prokuroru Səbuhi Şahverdiyev tutduğu vəzifədən azad edilib.
Səbuhi Şahverdiyev bu vəzifəni uzun illər idi tuturdu. O, Naxçıvan Dövlət Universitetinin sabiq kafedra müdiri, mərhum Zəhmət Şahverdiyevin oğludur. Əslən Qərbi azərbaycanlıdır.
Onun barəsində yeni hansısa qərarın olub-olmayacağı hələ məlum deyil.
İkinci xəbər həbslə bağlıdır. Naxçıvan Penitensiar Xidmətin rəisi general Tofiq Həsənov DTX tərəfindən Bakıya gətirilərək Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Tofiq Həsənovun Naxçıvanda işgəncə mexanizminin ən amansız ünsürlərindən biri olduğu deyilir. Camaat arasında gedən söz-söhbətlərə görə, bəzi dustaqlara işgəncə verilməsində şəxsən iştirak etməkdən zövq alırmış və bəlli ünvana təqdim etmək üçün çəkilişlər aparırmış. Həbsxanaya düşənlərin arxasınca deyilirmiş ki, “Tofiqdən salamat qurtarsa, yaşayacaq”. Adamın bəzi dustaq və məhkumları hətta "ailəni bura gətizdirərik" kimi insanlığa sığmayan mənəvi işgəncələrdən də istifadə etdiyini Naxçıvanda danışırlar.
Barəsində şəxsi xarakterli başqa məlumatlar olsa da, onları ictimailəşdirməyi lazım bilmədik.
Əhməd Hüseyn