Belə görünür ki, Ermənistan bu dəfə Gürcüstanın vasitəçiliyini dəstəkləyəcək. Bununla bağlı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlaması diqqət çəkir.
O bəyan edib ki, Ermənistan Cənubi Qafqaz ölkələrinin üçtərəfli dialoqunun inkişafında maraqlıdır: “Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz mümkün Tbilisi platformasını regional üçtərəfli müzakirələr prizmasından nəzərdən keçiririk. Hazırda Ermənistan və Gürcüstan baş nazirləri ilə Azərbaycan Prezidenti arasında görüş gündəmdədir”.
Yeri gəlmişkən, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində 3 Cənubi Qafqaz ölkəsinin əməkdaşlıq formatının lazımlılığını qeyd edib. Yəni ölkə başçısı 3 Cənubi Qafqaz ölkəsinin əməkdaşlıq fomatının canlandırmaq ideyasının perespektivini görür. İlham Əliyev də belə bir format üzrə danışıqları mümkün və əhəmiyyətli hesab edib. Görünən odur ki, Ermənistan da bu ideyanı dəstəkləmək istəyir.
“Bunun əsas məntiqi mahiyyəti ondan ibarətdir ki, digər xarici oyunçular olmadan üç Cənubi Qafqaz ölkəsi...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə deyilənlərə bir neçə prizmadan yanaşdı: “Həqiqətən də, Azərbaycan-Ermənistan və Gürcüstan formatı ilk növbədə Prezident İlham Əliyevin təsklif etdiyi platformadır. İlk dəfə bizim prezident belə bir ideya ilə çıxış edib. Məhz Gürcüstan Baş nazirinin ötən ay İrəvan səfərində bu məsələ gündəliyə gətirildi. Qeyd edildi ki, bununla bağlı müzakirələrin vaxtıdır. Birləşmiş Ştatlar da məhz Tbilisidə üçtərəfli görüşdə maraqlı görünür. Belə məlumatlar var ki, Tbilisi görüşləri Vaşinqton gündəliyi əsasında aparıla bilər. Buna da Brüssel və Moskva formatının fiaskosu deyə bilərik. Çünki müxtəlif səbəblərdən həmin formatlar çərçivəsində aparılan danışıqlar nəticə vermədi. Ən uğurlu variant məhz Tbilisidə üçtərəfli görüşdü. Bunun əsas məntiqi mahiyyəti ondan ibarətdir ki, digər xarici oyunçular olmadan üç Cənubi Qafqaz ölkəsi ortaq məxrəcə gəlib, regionda sülhün əldə edilməsinə nail ola bilər. Prezident İlham Əliyev daima bu varianta üstünlük verib. Ancaq o da bir reallıqdır ki, rəsmi İrəvan bu vaxta qədər prosesdən kənarda dururdu. Vaşinqtonun birbaşa təzyiqi də bu məsələdə Ermənistan hakimiyyətinin mövqeyinə öz təsirini göstərib. Düşünürəm ki, üçtərəfli Tbilisi formatı yaxın perspektivdə sülh sazişinin imzalanmasına gətirməsə də, müəyyən irəliləyişlər ola bilər. Bu da sonda sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər. Bir sözlə, Cənubi Qafqaz ölkələri öz problemlərini həll etməyə qadirdir. Sadəcə, əsas məsələ odur ki, böyük güclər Ermənistanı maşa kimi istifadə etməsinlər. Erməni cəmiyyəti xəstə fikirlərdən əl çəksə, Paşinyan hakimiyyəti ortaya siyasi iradə qoysa, 3 Cənubi Qafqaz ölkəsi əməkdaşlıq edə bilər”.
Vidadi ORDAHALLI