“Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır”. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda bildirib.
Baş nazirin sözlərinə görə, Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir: “Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha uğurlu olmağı öyrənməliyəm”.
Bir müddət əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç də İlham Əliyev barədə bənzər fikirlər səsləndirib. Qeyd edib ki, nədənsə, bütün Avropada İlham Əliyev sevilir, ona hörmət qoyulur: “Mən fikirləşirəm ki, biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik”.
“Uğurlı siyasi gedişlər edərək balans yaratdı, beynəlxalq enerji, nəqliyyat layihələri reallaşdı, Azərbaycan böyük güc mərkəzlərinin savaş poliqonuna çevrilmədi”
Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bütün bunlar Prezident İlham Əliyevin dünya miqyasında necə böyük nüfuza malik olmasının göstəricisidir: “Bu kimi fikirlər sıradan səsləndirilən xoş sözlər deyil. Ciddi siyasi, ictimai və digər arqumentlərə əsaslanır. Bəli, Prezident İlham Əliyevdən öyrəniləsi çox şey var. 2003-cü ildə İlham Əliyev prezident seçiləndə Azərbaycanın 20 faiz ərazisi işğal altında idi, ölkədə yoxsulluq səviyyəsi daha yüksək idi. Məcburi köçkünlər vaqon evlərdə yaşayırdılar. Bütün bu problemlərin əksəriyyətini Əliyev həll etdi. Azərbaycanın açıq dənizə çıxışı yox idi. Üstəlik, iki imperiya dövlətinin arasında yerləşirdi. Ancaq bütün bunlara rəğmən, Prezident İlham Əliyev uğurlı siyasi gedişlər edərək balans yaratdı. Beynəlxalq enerji, nəqliyyat layihələrini reallaşdırdı. Azərbaycan böyük güc mərkəzlərinin savaş poliqonuna çevrilmədi. Ən başlıcası, Əliyevin apardığı uğurlu siyasət sayəsində 30 illik işğala son qoyuldu. Ərazilərimiz işğaldan azad edildi. O vaxta qədər bir çoxlarının ərazilərin azad ediləcəyinə ya ümidi yox idi, ya da çox az inanırdılar. Prezidentimiz bunu reallaşdırdı. Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol getdikcə güclənir. Əlbəttə ki, bütün bunlar Azərbaycana dost olan ölkələri sevindirir. Macarıstan və Serbiya dövlət başçılarının səsləndirdiyi fikirlər Əliyevin çox böyük siyasi və dövlət xadimi olduğunu bir daha sübut edir”.
Vidadi ORDAHALLI