Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnterAz” da var.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulub.
APA-nın yaydığı məlumata görə, “İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov alıb. Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunub.
“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur. Agentliyin Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndəliyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində yerləşir. “SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.
“İstənilən şəxs, istənilən media resursları, kimliyindən asılı olmayaraq, hər kəs Azərbaycan dövlətinin milli marağını hər şeydən üstün tutmalıdır”
İranın Azərbaycanda casus media şəbəkəsinin olması barədə fikir bildirən “Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycana aid media şəbəkəsində ilk olaraq Azərbaycanın milli maraqları qorunmalıdır. İstənilən şəxs, istənilən media resursları, kimliyindən asılı olmayaraq hər kəs Azərbaycan dövlətinin milli marağını hər şeydən üstün tutmalıdır: “Azərbaycan əleyhinə çıxan ictimai fəal, jurnalist, istənilən şəxs ölkə qanunları çərçivəsində cavab verməlidir. Belə bir həssas dönəmdə başqa dövlətin maraqlarını üstün tutub, öz dövlətinin mənafeyini qurban vermək heç bir halda qəbuledilməzdir. Hesab edirəm ki, bu məsələlər araşdırılacaq və başqa dövlətlərin xüsusi xidmət orqanlarına xidmət edənlər qanun qarşısında cavab verməli olacaqlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan mediasındakı və sosial platformalardakı məlum şəbəkə iə bağlı ciddi araşdırma aparılmalıdır.
Günel CƏLİLOVA