Azərbaycanın Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıb.
Hikmət Babaoğlu: “Bu iki şəhər arasında qardaşlıq, dostluq münasibətlərinin yaranması həm də iki ölkə arasındakı münasibətlərin gələcək perspektivi üçün etibarlı körpü rolunu oynayacaq”
Azərbaycanın Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsinin əhəmiyyəti haqqında danışan millət vəkili Hikmət Babaoğlu “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Azərbaycan və macar xalqının etnogeninin formalaşmasında iştirak etmiş ortaq türk tayfaları var. Belə ki, Azərbaycan xalqının etnogeninin inkişafında iştirak etmiş hun və qıpçaq türk tayfaları macar xalqının da formalaşmasında iştirak edib. Bu səbəbdən də Macarıstan bizə Avropada “qardaş” deyə biləcəyimiz ölkələrdən biridir. Tarixdən gələn bu doğmalıq bugünki beynəlxalq münasibətlər sistemində Macarıstan-Azərbaycan münasibətlərini də şərtləndirən əsas faktorlardan biridir”.
Millət vəkili onu da vurğuladı ki, Macarıstan türk dövlətləri təşkilatında müşahidəçi statusunda iştirak edir. Eyni zamanda, bu yaxınlarda Rumıniyanın paytaxtı Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanma mərasimi Macarıstanla münasibətlərimizi yeni mərhələyə qaldırıb: “Bu səbəbdən də Şuşa Azərbaycanın milli ruhunun şəhəri olduğu kimi, Macarıstanın Vesprem şəhəri də macar milli ruhunun təntənə etdiyi tarixi şəhərlərdən biridir. Bu iki şəhər arasında qardaşlıq, dostluq münasibətlərinin yaranması həm də iki ölkə arasındakı münasibətlərin gələcək perspektivi üçün etibarlı körpü rolunu oynayacaq”.
Həmsöhbətimiz əminliklə bildirdi ki, Şuşada keçiriləcək bütün mədəni və tarixi tədbirlərdə qardaş şəhər kimi Vesprem şəhərinin də təmsilçiləri iştirak edəcək.
H.Babaoğlu onu da əlavə etdi ki, Prezident İ.Əliyevin Macarıstana səfəri zamanı strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqavilə iki ölkə arasında münasibətləri yeni mərhələyə qaldırdı. Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi, mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlıq nəzərdə tutulub.
Aydın Hüseynov: “İki şəhər arasında dostluq, qardaşlıq münasibətlərinin yaranması bir çox sahələrin inkişaf etməsinə səbəb olacaq”
Millət vəkili Aydın Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, Prezident İ.Əliyevin Macarıstana səfəri çərçivəsində bir çox sahələrdə əməkdaşlıqla bağlı razılaşmalar əldə olundu. Xüsusilə enerji sektoru ilə bağlı. Eyni zamanda, Macarıstan dövləti Qarabağı bərpa işlərində fəal iştirak etmək istəyini bildirib. Həmçinin, Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələri qurulub: “İki şəhər arasında dostluq, qardaşlıq münasibətlərinin yaranması bir çox sahələrin inkişaf etməsinə səbəb olacaq. İlk olaraq, bu hal Qarabağda turizmin inkişaf etməsinə şərait yaradacaq. Turizmin inkişaf etməsi isə iqtisadiyyatın inkişaf etməsi deməkdir”.
Günel CƏLİLOVA