Məlum olduğu kimi, Rusiya sülhməramlıları Qarabağda olan 44 Rusiya Federasiyası vətəndaşını yanvarın 29-da Ermənistana aparıb. Rusiya mətbuatının yazdığına görə, yanvarın 17-dən bugünə kimi sülhməramlılar Qarabağdan 60-dan çox Rusiya vətəndaşını təxliyə edilib. Bildirilir ki, həmin şəxslər Yeni il bayramı öncəsi gəlib və Laçın dəhlizinin bağlanması səbəbindən geri qayıda bilməyiblər.
Məgər Laçın Xankəndi yolunda keçirilən aksiya blokada yaradıb ki, o insanlar gəlib-getməkdə çətinlik çəkir? Və ya aksiya iştirakçıları Rusiyanın dinc vətəndaşlarına Qarabağa öz qohum-əqrabalarının və ya sülhməramlıların yanına gəlib-getməsini qadağanmı edib? Qarabağa xoş niyyətlə gələn şəxslərin geri qayıtması üçün hər hansı bir maneə varmı?
Məlumdur ki, dekabrın 12-dən bugünə kimi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Xankəndi-Laçın yolunda aksiyanı davam etdirir.
Onu da deyək ki, Rusiyanın bəzi media orqanları hələ də Azərbaycanın Laçın yolundakı fəaliyyətini blokada yaratmaq kimi qələmə verir. Halbuki, orda blokadaya aid heç bir şey yoxdur. Rusiya mediası qeyd edir ki, guya məlum aksiya Rusiya vətəndaşlarının Qarabağa öz yaxınlarının yanına gəlib-getməsinin qarşısını alır. Ancaq bu həqiqət deyil. Həmin ərazidən keçən nəqliyyat vasitələri, humanitar məqsədlə gedən maşınlar bunun əksini sübut edir.
“Yol bağlansaydı, nə sülhməramlılar, nə də Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələri həmin ərazidən sərbərt, rahat hərəkət edərdi”
Bu mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Laçın-Xankəndi yolundakı aksiyaçılar hər hansı bir yolu bağlamayıb: “Orda hansısa yol bağlansaydı nə sülhməramlılar, nə də Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələri həmin ərazidən sərbərt, rahat hərəkət edərdi. Məlumdur ki, bugünə qədər humanitar məqsədlərlə olduğu deyilən yardım Ermənistana aparılıb”.
T.İsmayılov hesab edir ki, Laçın-Xankəndi yolunda ekoloji tələblərlə keçirilən aksiya ətrafında erməni mediasında qaldırılan hay-küy əsassız və yersizdir. Rusiyanın hansısa vətəndaşını öz ölkəsinə qaytarması həmin ölkənin daxili işidir: “Bunun hansısa bir formada Laçın-Xankəndi yolundakı aksiyaya heç bir aidiyyəti yoxdur. Məlumdur ki, aksiyaçılar hansısa bir formada orda heç kimə əngəl törətmir. Eyni zamanda, Rusiyanın dinc vətəndaşlarının Qarabağa öz qohum-əqrabalarının və ya sülhməramlıların yanına getməyinə aksiyaçılar maneəçilik törətmir. Bu mövzu ilə bağlı qaldırılan söhbətin heç bir əsası yoxdur. Bu əsassız ittihamların reallığa uyğun gəlməməsi tək Azərbaycan üçün deyil, Rusiya üçün də aydın olan bir məsələdir”.
Günel CƏLİLOVA