“Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb: “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”,
Dövlət başçısı çıxışı zamanı xüsusi olaraq vurğuladı ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti ana dilində təhsil almaq imkanından məhrumdur.
Qeyd edək ki, bu hal daha çox İranda yaşanır. İranda yaşayan soydaşlarımızın doğma ana dilində təhsil almasını təmin etmək üçün hansı işlər görülməlidir?
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunması üçün ilk növbədə hüquqi baza yaradılmalıdır: “Bununla bağlı Azərbaycan qanunvericiliyinə müəyyən düzəlişlər edilməlidir. Həmçinin, Güney Azərbaycanda yaşayan soydaşlarımızın orta və ali təhsil alması üçün şərait yaradılmalıdır. Beynəlxalq təşkilatlarda bu məsələ ilə yaxından maraqlanmalı və diqqətdə saxlamalıdır. Dünyanın müxtəlif ölkələrində məlum məsələni tez-tez gündəmə gətirməlidir”.
Həmsöhbətimizin sözlərinə görə, İranda yaşayan soydaşlarımızın haqlarının qorunması ilə bağlı müəyyən işlər görülməlidir. İnsan haqlarının qorunması bir ölkənin daxili işi deyil. BMT-yə üzv olan bütün ölkələr bu məsələ ilə üzərinə öhdəlik götürüb: “Eyni zamanda, müxtəlif təşkilatlar və İslam Konfransında da məlum məsələ diqqətə çatdırılmalıdır. Fars olmayan müsəlman etnik mənsubiyyətli insanların mədəni hüquqları tapdalanır. İslamdaxili ara təriqətlərə fərq qoyulur. Bu kimi məsələlərin İslam Konfransı Təşkilatında vurğulanması işin xeyrinə təsir edə bilər”.
Günel CƏLİLOVA