ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşdə danışıqları sürətləndirmək barədə razılığa gəldiyini açıqlayıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda aparılan danışıqları şərh edərkən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Xarici işlər nazirlərinin danışıqları sürətləndirməyə razılaşdıqlarını deyən N.Prays "Dünən hər iki tərəfin görüşü müsbət keçib, fikir ayrılıqlarının çoxunu üzə çıxarıblar, günün sonunda birgə bəyanatla razılaşıblar" – fikirini bildirib.
Departament sözçüsü qeyd edib ki, tərəflər növbəti həftələrdə görüşü birbaşa dialoq yolu ilə davam etdirmək barədə razılığa gəliblər.
Birbaşa dialoqun effektiv olacağına şübhə yoxdur. Ancaq dəfələrlə buna cəhd olunsa da, sonda Rusiya prosesi pozub. Rusiyanın bu məsələyə indiki münasibəti necə olacaq?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, üçtərəfli razılaşmanın imzalanmasından keçən bu iki il ərzində iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində bir neçə mərhələ keçmişik: “Ermənistan və biz bu məsələdə ilk startı Risiyanın vasitəçiliyi ilə götürmüşük. Daha sonra isə Avropa Birliyi və ABŞ-ın moderatorluğu ilə davam etdirmişik. Bu gün çox maraqlı təqdimatlar edilir. Məsələn, sülhün Rusiya, ABŞ və ya Avropa Birliyi variantları. Belə məsələ yoxdur. Bunların hamısı yanlışdır. Çünki sülhün cəmi bir variantı var. O da bizim təklif etdiyimizdi. Beynəlxalq hüquqi tənzimlənmə çərçivəsində biz 5 şərt irəli sürmüşük. Onların bəziləri istiqamətində biz geniş irəliləyiş etmişik, ancaq bəziləri isə heç yerindən belə tərpənməyib. Bildirmək istəyirəm ki, regionda təhlükəsizliyin təmin olunmasının, iki ölkə arasında sülhün təminatçısı ola biləcək ən optimal və yeganə ssenari budur, başqa heç bir plandan söhbət belə gedə bilməz. Hazırda tənzimləmədə vacib sənəd kimi həm də üçtərəfli razılaşma əsas götürülür. Ancaq biz görürük ki, Rusiya üçtərəfli razılaşmanın bütün şərtlərinin həyata keçməsində fəallıq ortaya qoymur. Əvvəlki mərhələdə humanitar və hərbi-texniki məsələdə göstərdiyi əzmkarlığı hazırda ortaya qoymur. İki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində yaradılan komissiyaların fəaliyyəti də əvvəlki kimi məhsuldar deyil. Ermənistan hazırda öhdəliklərin yerinə yetirməsini ikinci plandan açıq sabotaj mərhələsinə keçirib. Bu sədaqətsizliyi Rusiya ilə Ermənistan birgə həyata keçirir. Ermənistan Avropa Birliyinin ayırdığı 2,6 milyardlıq maliyyəni almaq üçün bir qədər Rusiya ilə məsafədə olduğu ilə bağlı görüntü yaratmağa çalışır. Arxa planda isə Rusiya ilə müştərək oyun göstərir. Rusiyanın xeyir-duası ilə bizə təzyiq prosesinə Fransa və İran da açıq qoşulub. Belə görünə bilər ki, İran və Rusiya şəxsi təşəbbüsləri ilə bu işi görürlər. Əslində isə buna xeyir-dua Moskvada verilib. Soçi görüşündə biz Putinin danışıqlarında yad elementləri prosesə gətirmək kimi cəhdləri müşahidə etdik. Azərbaycan Prezidenti onların hamısına yerindəcə cavab verdi. Bütün bunlar onu deməyə əsas verir ki, bu məsələdə Rusiya-Fransa-İran ittifaqı var. Fransa Senatında bizə qarşı gözlənilən sanksiya qərarı tam olaraq Rusiyanın Avropa siyasətinə cavab verir. Makron bununla Ermənistanı müdafiə adı altında həm də Rusiyanın Avropa maraqlarını müdafiə edir. Biz Rusiyanın Ukraynada baş verənlərin fonunda nüfuz itkisini Cənubi Qafqazda da hiss edirik. Onun qlobal güc olması ilə bağlı bütün miflər dağıldı. Belə hallarda hökümətdaxili qüvvələrin siyasətə müdaxilə imkanları artır. İndiki dövrdə Rusiya daxilindəki erməni lobbi qrupunun proseslərə təsiri güclənib. Onlar bacardıqları qədər birbaşa təmaslara mane olacaqlar”.
Məhəmmədəli QƏRİBLİ