İranda həftələrdir hakimiyyət əleyhinə davam etməkdə olan etirazlar hələ də səngimir. Buna cavabında hakimiyyət repressiyanı genişləndirir.
Qeyd edək ki, gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra, İran Azərbaycanı da daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb və minlərlə insan saxlanılıb. Hüquq müdafiəçiləri həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda azyaşlının olduğunu bildirir. Həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılır.
Bu arada o da bəlli olub ki, İranın bir neçə şəhərində mağaza sahibləri ölkənin cənubundakı Zahedanda etiraz zamanı qətliam edilən 100-dək insanın 40-ı münasibətilə tətilə başlayıb. “Qanlı cümə” adlandırılan həmin gün yüzlərlə etirazçı yaralanıb. Onlar Məhsa Əmininin polisdə ölməsinə və 15 yaşlı qızın yerli polis rəisi tərəfindən zorlanmasına etiraz ediblər. Sosial mediada yayılan videolarda İranın Kürdüstan vilayətindəki Sənandaj, Bane və Saqqız şəhərlərində bağlı mağazalar görünür. Bəzi videolarda küçələrə çıxmış etirazçıların yolları bağladığını görmək mümkündür. Tehranın Vəliəsr bazarındakı mağaza sahibləri də Zahedan etirazçıları ilə həmrəylik nümayiş etdirmək üçün tətilə başlayıblar. Xatırladaq ki, sentyabrın 30-da Zahedan şəhərində iğtişaşçılar polis məntəqələrinə hücum etmiş və təhlükəsizlik qüvvələri buna cavab olaraq məsciddə cümə namazı qılanları atəşə tutumuşdu. Bu hadisədə azı 96 nəfərin öldüyü, 300-dək adamın yaralandığı xəbər verilib. Bu ayın əvvəllərində İranın baş sünni ruhanisi Mövləvi Əbdülhəmid demişdi ki, bu qətliama görə ali rəhbər ayətüllah Əli Xamneyi başda olmaqla, İranın yüksək vəzifəli rəsmiləri məsuliyyət daşıyır. Mövləvi Əbdülhəmid beynəlxalq müşahidəçilərin iştirakı ilə referendum keçirilməsinə çağırmışdı. O vaxtdan bəri Zahedan şəhərinin yerləşdiyi Sistan və Bəlucistan ostanının polis komandanı istefa verib. İranda xalqı qəzəbləndirən daha bir məsələ hakimiyyət rəsmiləri tərəfindən irəli sürülən qondarma ittihamlardır. Məsələn, İran ədliyyəsi zibil konteynerini yandıran şəxsə “Allaha qarşı müharibə” ittihamı irəli sürüb. İranın Cinayət Məcəlləsində bu ittihamla ölüm cəzası verilə bilər. Dövlət ədliyyəsinin “Mizan” xəbər agentliyi noyabrın 7-də prokurorluq nümayəndəsinə istinadən bildirib ki, Səhənd Nurməhəmmədzadə adlı bu şəxs zibil konteynerləri və avtomobil təkərlərinə od vurmaqla Tehranın əsas küçələrindən birində yolu bağlayıb. Nurməhəmmədzadə bu ittihamı rədd edir və bildirir ki, etiraz aksiyası zamanı onun ofisinin qarşısındakı zibil konteynerinə od vurulsa da, o bu aksiyada iştirak etməyib.
Bu arada İran parlamentinin 290 deputatından 227-si ölkədə həftələrdir davam edən etiraz aksiyalarının bəzi iştirakçılarının edam cəzasına məhkum edilməsinə çağırıb. Parlamentdə oxunan bəyanatda millət vəkilləri etirazçıları “muharib” adlandırıb ki, bu da ərəb dilində hərfi mənada “döyüşçü” mənasını verir. İslam qanunlarında və ya şəriətdə isə bu, “Allahın düşməni” anlamına gəlir və ölümlə cəzalandırılır. Bundan əlavə, deputatlar etirazçıları “insanların həyatına və mülkünə hücum edən” İŞİD üzvləri ilə müqayisə ediblər. İlkin məlumatlara görə, İranda hökumət əleyhinə etirazlar səbəbindən həbs olunan 15 minə yaxın məhbus var. İran İnsan Haqları Təşkilatı öz növbəsində parlament üzvlərinin etirazçıları edam etməyə çağıran bəyanatını kəskin şəkildə pisləyib. Xatırladılıb ki, İslam Şurası (İranın birpalatalı parlamenti) üzvləri hökumət tərəfindən seçilir və xalqın nümayəndələri hesab edilmir. İran İnsan Haqları Təşkilatının direktoru Mahmud Əmiri Moqadam öz “Twitter” hesabında qeyd edib: “Etirazlar xalqın ayrılmaz hüququdur, etirazçıların öldürülməsi və onlara ölüm hökmünün verilməsi isə beynəlxalq cinayətdir. Etirazçıların edamını tələb edənlər bu cinayətdə iştirak edirlər və buna görə məsuliyyətə cəlb edilməlidirlər”. Buna rəğmən, İran ədliyyəsinin rəhbəri Qulamhüseyn Mohseni-Ejeyi Ali Ədliyyə Şurasına deyib ki, parlamentdən edilən bu çağırışı dəstəkləyir və etirazçılardan bəziləri “Qisas” prinsipi ilə edam oluna bilər. Bundan əvvəl Mohseni-Ejeyi etirazçıların məhkəməsi ilə məşğul olan hakimləri onlara “yüngül cəzalar” verilməsindən çəkinməyə çağırmışdı. Sərt xətt-hərəkət tərəfdarlarından mühafizəkar ruhani, Üləmalar Şurasının üzvü Əhməd Xatəmi də ədliyyə rəsmilərinə müraciət etmişdi. Onun sözlərinə görə, etirazçılara elə cəzalar verilməlidir ki, bir daha etirazlara cürət edilməsin. Lakin bu da etirazçıları dayandırmır. Elə bu fonda Qərbi Azərbaycan vilayətinin Saqqız şəhərində “Pəyame-Nur” Universitetinin tələbələri, universitet rəhbərliyinin maneə yaratmasına baxmayaraq, hökumət əleyhinə etiraz aksiyası keçirib.Tələbələr İranın dini rəhbərini pisləyən şüar səsləndiriblər: “Bu il qan ilidir, Seyid Əli devrilməlidir!”. Tələbələr bildiriblər ki, universitet rəhbərliyi onların dərsləri boykot etməsinin qarşısını almağa çalışsa da, öz sözlərindən dönməyərək aksiyanı davam etdirəcəklər və heç kim onların səsini kəsə bilməz. Aksiyalar Cənubi Azərbaycanın bir sıra digər şəhərlərində də davam etdirilir. Türkiyəli siyasi ekspert Məhsa Mehdili bildirir ki, bu etirazlar İran hakimiyyətinə böyük zərbədir. Onun sözlərinə görə, İranın siyasi sistemi çoxlu problemlər yaradır və heç bir həll yolu tapmır, etiraz səslərini boğur. Mehdili qeyd edib ki, İranda təkcə qadınlar deyil, qeyri-fars əhali, dini azlıqlar və aztəminatlı ailələr də daxili siyasətdən narazıdır: “İrandakı rejim teokratikdir və o diqtə edir ki, insanların həyatının bütün sahələri - istər şəxsi, istərsə də dövlət ictimai olsun - mənim inhisarımdadır. İran rejimi xalqın fikrini vecinə almır. İran hakimiyyəti əvvəlcə müxtəlif ölkələrdə sonradan silahlandırıb terrorçu qruplaşmalara çevirdiyi ideoloji qruplar yaradır. İran Cənubi Azərbaycanda da eyni şeyi etməyə çalışıb”. Siyasi ekspert “report”a açıqlamasında vurğulayıb ki, İranda yaşayan müxtəlif xalqlar bu rejimin yükünü daşıyır: “Sanksiyalar təkcə İranın qonşuları ilə problemlərinə təsir etmir, iqtisadi sahədə də problemlər yaradır ki, bu da işsizliyə səbəb olur. İranda rejimlə sıx bağlı olan insanlar firavan yaşayır, lakin əhalinin qalan hissəsinin aşkar yoxsulluğu o deməkdir ki, xalq İran elitasının siyasətinə görə cəza çəkir. Bu da təbii olaraq narazılığa səbəb olur”.
Nahid SALAYEV