Oktyabr ayının 18-i Araz çayı üzərində yerləşən və Azərbaycanın birlik və bütövlük simvolu olan Xudafərin körpüsünün erməni işğalından azad edilməsinin ildönümüdür. 2020-ci ilin oktyabr ayının 18-də Xudafərin körpüsü müzəffər Azərbaycan ordusu tərəfindən erməni işğalçılarından azad edilərək Azərbaycanın üçrəngli bayrağı körpünün üzərinə sancılıb.
Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası günündə (18 oktyabr 1991-ci il) Şanlı Ordumuzun Xudafərin körpüsünü işğaldan azad edərək, körpü üzərində Azərbaycan bayrağını dalğalandırması zəfər salnaməmizin bir səhifəsi olmaqla bərabər, tarixi ədalətin bərpası idi.
Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü (Xudafərin körpüləri) tarixlər boyu Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrilmişdir. Xudafərin körpüsü həmişə xalqımızın qədimlik və birlik rəmzinin təzühürü olaraq öz mənəvi dəyərini qoruyub saxlamışdır.
Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz mövcudluğunu qorumaqdadır. Onlardan "Baş Xudafərin körpüsü" adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.
Azərbaycanın memarlıq sənətində bu olduqca qədim və əzəmətli abidələr haqqında tarixi qaynaqlarda çoxsaylı məlumatlar əks olunsa da, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Əsas tarixi qənaət ondan ibarətdir ki, 15 aşırımlı körpü 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa etdirilmişdir. 11 aşrımlı körpü isə XIII əsrdə Elxanilərin Azərbaycanda hakimiyyəti dövründə inşa və yaxud bərpa edilmişdir.
Orta əsrlər tarixçisi Həmdullah Qəzvini məlumatlarında körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da "Allah tərəfindən yaradılmış", "Allaha Mərhaba" mənalarını verir.
Tarixlər boyu Xudafərin körpüsü Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynamışdır. Eyni zamanda Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən əsas nəqliyyat keçid məntəqələrindən biri olmuşdur. Xudafərin körpülərini Azərbaycanın orta əsrlər dövrü memarlıq sənətinin incilərindən hesab etmək olar.
Təəssüflər olsun ki, onbir aşırımlı körpünün sahil tağları XX yüzilin 30 – cu illərndə Şimali və Cənubi Azərbaycan arasında mədəni əlaqələri kəsmək üçün İran və SSRİ rəhbərliyinin birgə qərarı ilə dağıdılmışdır. Həmin vaxtdan da yerli əhali körpüyə Sınıq körpü adını vermişdir.
30 illik erməni əsirliyi dövründə Xudafərin körpüləri siyasi, iqtisadi zərərləri ilə yanaşı xalqımızın qəlbində böyük mənəvi yaralara da yol açmışdır. Xudafərin körpülərinin düşmən əsirliyindən azad olunması artıq o taylı, bu taylı azərbaycanlıların yaralarının sağalmasına böyük mənəvi zəmin yaratmışdır. Xudafərin körpüsü təkcə hərbi-siyasi, iqtisadi və strateji xarakter daşımır, eyni zamanda bütün Azərbaycanın birlik, bütövlük simvolu olaraq dünya azərbaycanlılarının birliyini ifadə edir.
Mübariz AĞALARLI, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent