Ermənistana mülki müşahidəçilər missiyasının göndərilməsi məsələsi təsdiqlənmək üçün oktyabrın 17-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin müzakirəsinə çıxarılıb. Xarici işlər nazirlərinin görüşü Lüksemburqda keçirilib.
Ermənistan mediasının yazdığına görə, bununla bağlı açıqlama verən Avropa İttifaqının nümayəndəsi bildirib ki, missiya ilə bağlı çox təfərrüat yoxdur. Lakin birinci mərhələdə bölgəyə 400-ə yaxın müşahidəçi göndəriləcək.
O, həmçinin, məsələnin aktuallığını nəzərə alaraq, sərhədə ilk müşahidəçilərin Avropa İttifaqının Gürcüstandakı monitorinq missiyasından göndəriləcəyini deyib. Qeyd edək ki, mülki missiyanın Ermənistanın Azərbaycanla sərhədində fəaliyyət müddəti iki ay nəzərdə tutulub. Ancaq rəsmi İrəvan Qərb müşahidəçilərini sərhədlərdə yerləşdirməkdə maraqlı olduğundan, iki aydan sonra bu müddətin artırılması üçün yenidən müraciət edəcəyi istisna edilmir. Missiyanın tərkibinin əvvəl 40 nəfər, sonra isə 50 nəfər olacağına dair məlumatlar yayılmışdı. İndi bu sayın 400-ə qaldırılması kifayət qədər böyük göstəricidir və Ermənistanın Azərbaycanla sərhəddə canlı sədd qurması kimi təsvir oluna bilər. Paşinyan hökuməti Avropa İttifaqı və Fransanın timsalında Qərbin sayəsində Azərbaycanla qarşıdurmada bir sıra məqsədlərə nail olmağa çalışır.
Qeyd edək ki, bu mövzuya Azərbaycan mediasının verdiyi sərt reaksiyadan sonra Avropa İttifaqı mövqeyini redaktə etməli olub. Aİ yenidən açıqlama yayaraq bildirib ki, missiyanın sayı 40-dan 400-ə deyil, 50 nəfərə qaldırılıb. Missiyanın sayının artırılaraq fəaliyyətə başlamasına Rusiyanın münasibıti necə olacaq?
Siyasi şərhçi İlqar Vəlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, missiyanın yerləşdirilməsi ilə bağlı məlumat təsdiqini tapır, ancaq sayla bağlı müəmma davam edir: “Erməni informasiya resursları Avropa İttifaqı rəsmilərinə istinadən missiyanın sayının 400 nəfərə qaldırılması ilə bağlı məlumat yaymışdılar. Sonra Avropa İttifaqı məlumata düzəliş etdi. Məlum oldu ki, sayı artırıblar, amma 40-dan 50-yə çatdırıblar. Hazırda bu missiyanın yerləşdirilməsi prosesi həyata keçirilir. Artıq onların erməni rəsmiləri ilə görüşləri olub, ətraflı fikir mübadiləsi aparıblar. Çox maraqlıdır ki, onlar prosesi Ermənistan tərəfdən müşahidə edəcəklər. Bunun özünə də şübhələr var ki, bu missiya nə dərəcədə obyektiv olacaq. Çünki bu missiya yalnız bir tərəfin rəsmiləri ilə görüşürsə, onlarda formalaşan fikir də birtərəfli olacaq. Ermənistan bu addımları ilə Rusiyanı prosesdən tam təcrid edib. Rusiya bunu həzm edə bilməz. Necə ola bilər ki, KTMT-nin xarici hüdudlarını NATO monitorinq etsin? Ermənistan KTMT-nin üzvü sayılırsa, deməli, onun sərhədlərinin də həmin təşkilata aidiyyəti var. Avropa İttifaqı bunu mülki missiya kimi qeyd etsə də, əslində orada NATO mütəxəsissləri olacaq. Çünki mülki missiyanın bu proseslərdən başı çıxa bilməz. Bu şərti ad ola bilər. Sərhədlə bağlı məsələ ilə mülki missiya necə məşğul ola bilər? Çox böyük ehtimalla, missiyadakı adamların çoxu indiki və ya keçmiş hərbçilərdi. Mahiyyət etibarı ilə bu, NATO missiyasıdır. Ermənistanın müdafiə naziri Rusiyanı qıcıqlandıra biləcək bir addım atıb. O, Hindistana səfərə gedib və silah tədarük etməyi planlayır. Bunu özü də Rusiyanı ciddi narahat edəcək. Yəqin ki, Rusiya bütün bunlarla bağlı Ermənistana lazımi cavabı verəcək”.
Məhəmmədəli QƏRİBLİ