İran hakimiyyəti bölgədəki tarixi sərhədlərin və Ermənistana tranzit marşrutlarının dəyişdirilməsinin qəbuledilməzliyini bir daha bəyan edib. Bu sözləri İran Prezident Administrasiyasının nümayəndəsi Məhəmməd Cəmşidi bildirib.
O deyib ki, bu barədə mövqeyi Astanada səfərdə olan İran Prezidenti Rəisi bir daha təkrarlayıb (Azərbaycan Prezidenti ilə görüşdə):
“Prezident Rəisi bir daha təkrarlayıb ki, tarixi sərhədlərdə, regional geosiyasətdə və İran-Ermənistan tranzit marşrutlarında istənilən dəyişikliyə İran qəti şəkildə cavab verəcək”.
Tehran həmçinin istənilən bəhanə ilə Avropanın regionda hərbi iştirakına qarşıdır. Cəmşidi deyib ki, Qərb İran hakimiyyətini İran xalqının strateji maraqlarından yayındıra bilməz.
Ermənistan mətbuatına açıqlamasında rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib ki, rəsmi Tehran Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişini tanımaya bilər və bunun fəsadları yaranacaq. İran İslam Respublikası hətta bölgəyə qoşun yeritməyə də hazırdır.
Göründüyü kimi, İran köhnə ritorikasından əl çəkmir. Tranzit dəhlizinin İranın dövlət sərhədinə nə aidiyyəti var ki, onu özü üçün “qırmızı xətt” elan edib?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, İranın iddiaları tam əsaszızdır: “Bizim fəaliyyətinə başlamağa israr etdiyimiz Zəngəzur dəhlizi İran-Ermənistan tranzit marşrutlarına heç bir təhlükə yaratmır. Maraqlıdır, İran hakimiyyəti 30 illik işğal dövründə bir dəfə də olsun, Ermənistanın sərhədləri dəyişdirməsinə sərt etiraz etməyib. Bilirsiniz ki, Azərbaycan-İran sərhədinin böyük bir hissəsi terrorçuların nəzarətinə keçmişdi. Əslində İran dövləti üçün həmin vəziyyət “qırmızı xətt” olmalıydı. Çünki oradan narkotik, spirtli içki qaçaqmalçılığı üçün istifadə olunurdu. Bu da İranın teokratik mahiyyətinə zərbə deməkdir. Digər tərəfdən isə Ermənistan yolu İranı dünya ilə də birləşdirmir. Çünki dalandır. Ermənistandan şimala çıxış yalnız Yuxarı Lars yoludur ki, o yolun vəziyyəti də hər kəsə bəllidir.
İran, sadəcə olaraq, Azərbaycanın güclənməsinə qarşı çıxır. Ermənistanı Azərbaycanla danışıqları pozmağa, 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməməyə çağırır. Zəngəzur dəhlizinin keçəcəyi ərazi İran sərhədi sayılmırsa, onda niyə Tehran başqa ölkənin daxili işlərinə qarışır? Prinsipcə, İran Avropanın regionda təmsilçiliyinə qarşıdır.
Həmin qüvvələri İranın sərhədinə soxmağa çalışan Ermənistandırsa, İran niyə rəsmi İrəvana bununla bağlı bir etiraz etmir?
Azərbaycanın regional iqtisadi layihələrini ləngitməyə çalışmaqla İran açıq şəkildə bizimlə düşmənçilik mövqeyində olduğunu bıyan edir. Bu münasibəti açıq müstəviyə keçirməklə İran ermənipərəst siyasət yürütdüyünü bir daha təsdiqləmiş olur. İran bilməlidir ki, sözügedən yolun açılmasını həm də dünya gücləri istəyirsə, İranın buna təkbaşına maneçilik törədə biləcəyi absurddur”.
Məhəmmədəli QƏRİBLİ