Azərbaycan, Fransa, Avropa İttifaqı və Ermənistan liderlərinin Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində dördtərəfli görüşünün gərgin keçəcəyi gözlənilən idi. Görüşdə ən azı Ermənistanı hər zaman birmənalı dəstəkləyən Fransanın da iştirakı belə düşünməyə əsas verirdi.
Ehtimal etmək olardı ki, Ermənistan və Fransa sərhəddə baş vermiş son insidentlərə görə Azərbaycana təzyiq göstərməyi planlaşdırırdılar.
Lakin Azərbaycan Prezidenti Əliyevin qətiyyəti və prinsipiallığının buna imkan vermədiyinin şahidi olduq. 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı formada təzyiq cəhdinin qarşısı alındı. Görüşün yekununda qəbul edilən Bəyanatda diqqət çəkən mühüm məqamlar var. Bu nüanslardan biri Avropa İttifaqı və Fransanın Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyi olub. Lakin öz suverenliyinə dəyər verən Azərbaycan qətiyyətlə buna etiraz edib. Azərbaycanın qəti mövqeyindən sonra razılaşdırılıb ki, mülki monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək. Missiya işinə oktyabrda başlayıb, 2 ay müddətində başa çatdıracaq. Sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.
Qeyd edək ki, görüşdən sonra Prezident İlham Əliyev Praqada Azərbaycan telekanallarına müsahibəsində deyib ki, Ermənistan xoşməramlı olsa, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər: “Zaman keçir, bizim təşəbbüslərimiz asanlıqla irəli getmir, baxmayaraq ki, xarici işlər nazirlərinin ilk görüşü konkret nəticə vermədi, amma hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul olunarsa, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işə başlasa, ilin sonuna qədər razılığa gələ biləcəyik”.
Diqqət çəkən məqam 2 aylıq müddətlə bağlıdır. Komissiya da öz işini iki aya yekunlaşdırmağı planlayır, Prezident də iki aya yaxşı nəticənin olacağını deyir. Niyə məhz qarşıdakı iki aya belə ümid bağlanır?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa Birliyi ilə Fransanın Ermənistan-Azərbaycan sərhədinə göndərdiyi missiyanın əsas öhdəliyi iki ay sonra imzalanacaq sülh sazişi üçün əsasları formalaşdırmaqdan ibarətdir: “Zatən format var. Sadəcə, həmin müddətə qədər sülhə nəzarət etmək gərəkdir ki, aranı qarşıdırıb, prosesi sabotaj etməsinlər. Bu məsələdə Avropa Birliyinin Fransa ilə fərqli baxışları var. Azərbaycan sadəcə həmin missiya ilə əməkdaşllğa razılıq verib. Ermənistan isə ərazisində onun fəaliyyətinə icazə verib. Ermənistanın daxili ictimai rəyində missiyanın nədən ibarət olması ilə bağlı təzadlı fikirlər var. Avropa İttifaqının digər missiyalarından fərqli bir format gözləyirlər. Açığını deyim ki, sülh sazişinin imzalanacağı ilə bağlı ümidlər bu qədər real olmayıb. Prezident İlham Əliyev çox məlumatlı adamdır. Gördünüz ki, o dedi ki, Ermənistan xoşməramlı olsa, iki aya sülh sazişi imzalana bilər. Görürsünüzmü, Ermənistanın sabotajı istisna edilmədiyi üçün ölkə başçısı həmin vurğunu edib. Missiyanın fəaliyyəti ilə sülh sazişi bir-birinə zəncirvari bağlı olan proseslərdi. Buna görə də, bütün gözləntilər ilin sonuna yönəlib. N.Paşinyan önəmli danışıqlar öncəsi sülhdən danışır, lakin danışıqlardan sonra dövlət sərhədində gərginlik yaşanır, bu gərginlik bəzən genişmiqyaslı təxribatlara çevrilir. Amma sülh danışıqları ardıcıl olmalı və məntiqi sonluqla yekunlaşmalıdır. Bu xüsusda Azərbaycanın irəli sürdüyü beş bənddən ibarət təkliflər gələcəkdə sülh müqaviləsinə çevrilməlidir. Regiona gələcək missiya buna ciddi nəzarət etməlidir. Ermənistan prosesləri pozduqca Azərbaycanın mövqeyi daha da prinsipiallaşır. Ona görə də, nə qədər gec deyil, sülh müqaviləsinin imzalanması Ermənistanın özü üçün də faydalıdır. Sülhlə bağlı təşəbbüslər daimi olaraq masa üzərində qalmamalı, həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, zaman Azərbaycanın xeyrinə işləyir. Rəsmi İrəvan bu reallığı nəzərə almalı, regionun gələcəyi və təhlükəsizlik mühitinin gücləndirilməsi naminə sülh müqaviləsini imzalamalıdır”.
Məhəmmədəli QƏRİBLİ