Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət, bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim. Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində müvafiq sualı cavablandırarkən bildirib:
“Bu hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbr göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.
Prezidentin bu yanaşmasından əlavə olaraq hansı nəticələri çıxara bilərik?
Siyasi şərhçi Sahil İsgəndərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidentinin bu çıxışı ilk növbədə Ermənistana deyil, bu və ya digər şəkildə ona havadarlıq edənlərə aiddir: “Burada ünvan olaraq vasitəçilik missiyasını üzərinə götürən Moskvanın və Avropanı təmsil edən Şarl Mişelin adını xüsusi qeyd edı bilərik. Prezident demək istəyir ki, Ermənistan xarici havadarlarının dəstəyi ilə məsələni yubatmağa çalışsa, bu məsələni də özümüz həll edəcəyik. Hansı yolla həlli konkret deyilməsə də, yəqin ki, güc yolu da istisna edilmir. Prezident çox asan dildə izah edir ki, kommunikasiyaların açılması vasitəçilərə maraqlıdırsa, bu yöndə ciddi addımlar atmalıdılar. Rusiyanın imzası olan sənəddə Ermənistan üzərinə öhdəlik götürübsə, onun həyata keçməsini də, ilk növbədə Rusiya təmin etməlidir. Azərbaycan Prezidenti əvvəl də qeyd etmişdi ki, Zəngəzur dəhlizinin açılması vaxt tələb edə bilər. Bilirik ki, Prezident dediyi sözləri hər zaman həyata keçirib, geri addım atmır. Hesab edirəm ki, bu məsələdə ən böyük əngəli törədən ABŞ-dır. Onlar istəyir ki, dəhlizə Rusiya deyil, onlara aid sülhməramlılar nəzarət etsin. Zəngəzur dəhlizinin açılmasında ən maraqlı ölkələrdən biri məhz Rusiyadır. Ukraynada baş verənlərin fonunda Rusiya çox istəyir ki, məhz bu yolla Türkiyəyə çıxış alsın. Amma çox təəssüf ki, Rusiya xeyli vaxt itirərək, təşəbbüsü əldən verdi. Belə görünür ki, Rusiyanın daxilindəki müəyyən qüvvələr Moskvanın Cənubi Qafqazdakı mövcudluğunun yolunu ermənilərlə yaxınlıqda görürlər. Onlar erməni sevgilərindən əl çəkə bilmirlər. Biz bunu ərazimizdən yerləşdirilən Rusiya sülhməramlılarının davranışlarında da görürük. Bütün bunlar o anlama gəlmir ki, Rusiya kommunikasiyaların açılmasında maraqlı deyil. İstənilən halda, Azərbaycan buna nail olacaq. Fransa addımları ilə sübut edir ki, onlar bölgədə sülhün təmin olunmasından daha çox, Rusiya ilə geosiyasi rəqabətə girişiblər. Nə qədər ki, bu qarşıdurma aradan götürülməyəcək, regionda daimi sülhə nail olmaq mümkün deyil. Hazırda həm Qərb, həm də Rusiya maraqlıdır ki, sülh müqaviləsi məhz onun protektoratlığı altında imzalansın. Əsas problem də elə budur”.
Məhəmmədəli QƏRİBLİ