Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün mediaya açıqlamasında ölkəsini dünya iqtisadi-siyasi sistemindən təcrid etməyin mümkünsüz olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiyanın dünyada dostları həddən artıq çoxdur və buna görə də Rusiyanı izolyasiya tədbirləri heç bir nəticə verməyəcək.
BMT Baş Assambleyasında Rusiyaya qarşı qətnamə səsverməyə çıxarıldı və 141 ölkədən yalnız 5 ölkə - Rusiya özü, Belarus, Suriya, Şimali Koreya, Eritreya qətnamənin əleyhinə səs verdi.
Bitərəf qalan ölkələr 35-dir: Ermənistan, Çin, Hindistan, Cənubi Afrika, Qazaxıstan, Qırğızıstan, Pakistan, İran, İraq, Kuba, Nikaraqua, Əlcəzair, Banqladeş, Anqola, Boliviya, Burundi, El Salvador, Mali, Madaqaskar, Monqolustan, Mozambik, Namibiya, Seneqal, Sudan, Cənubi Sudan, Şri-Lanka, Tacikistan, Uqanda, Ekvatorial Qvineya, Konqo, Zimbabve, Vyetnam, Tanzaniya, Laos və Mərkəzi Afrika Respublikası.
9 ölkə ümumiyyətlə səsverməyə qatılmadı - Azərbaycan, Türkmənistan, Özbəkistan, Mərakeş, Toqo, Qvineya, Birkino Faso, Efiopiya və Venesuela. Bitərəf qalan və səsverməyə qatılmayan ölkələrin heç biri Rusiyanın dostu deyil.
Əleyhinə olanlardır dostlar, onların sayı isə 4-dür: Belarus, Suriya, Şimali Koreya, Eriteriya.
BMT-nin İnsan Haqları Şurasında Rusiya XİN rəhbəri Sergey Lavrov çıxış edərkən dünyanın 140-dan çox nümayəndəsi onu boykot etdi: Lavrov çıxışa başlayan kimi zaldan çıxdılar. Zalda yalnız Əlcəzair, Venesuela, Suriya, Tunis kimi bir neçə ölkənin nümayəndəsi qaldı.
Rusiya bu vəziyyətə güvənərək arxayın danışır? Lavrovun bu çıxışı siyasi blefdir, yoxsa doğrudan da Rusiyanın vəziyyətdən çıxmaq üçün rıçaqları var?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lavrovun bu fikirləri reallığı əks etdirmir: “Elan olunan saksiyalar Rusiya iqtisadiyyatını çökdürəcək. Bunun üçün o qədər də uzun zamana ehtiyac olmayacaq. Rusiya çox istəyərdi ki, buna dünyanı inandırmağı bacarsın. Rusiyanın güya dünyada dostlarının olduğu təəssüratını yaratması reallığa uyğun görünmür. Bunun ən bariz nümunəsini biz BMT-də keçirilən son səsvermədə gördük. Özündən başqa cəmi 4 ölkə onu dəstəklədi. Bəziləri isə cəsarət edib açıq mövqe ortaya qoymasa da, bilirik ki, Rusiyanın yanındadır. Onların sayı elə də çox deyil. Bu baxımdan da, sanksiyaların Rusiyaya təsirsiz ötüşəcəyini deyənlərin ya iqtisadiyyatdan xəbəri yoxdur, ya da ümid edirlər ki, bəlkə bu cür fikirləri işlətməklə nəyisə düzəldə bilərlər. Sanksiyalar bütün sahələri əhatə edir. Artıq Rusitanın SWİFT-dən çıxarılması ilə bağlı qərar qəbul edilib. Bu qərar bank sistemini tam çökdürə bilər. Ən əsası isə, Rusiyanı neft və qaz sahəsində də güclü sanksiyalar gözləyir. Artıq Avropa Rusiyadan neft və qaz almayacağı ilə bağlı iradə ortaya qoyur. Bir sözlə, Rusiya tarixinin ən ağır günlərini yaşayır”.
Məhəmmədəli QƏRİBLİ