Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamə qəbul edib. Qətnamə əleyhinə 5, lehinə 141 səslə qəbul olunub. 35 ölkə isə səsvermədə bitərəf qalıb. Ukrayna Prezidenti Volodimir Zelenski səsvermənin nəticələri barədə Tvitter hesabında paylaşım edib:
“Mən Rusiyadan Ukraynaya xain hücumu dərhal dayandırmağı tələb edən qətnamənin BMT Baş Assambleyasının misli görünməmiş səs çoxluğu ilə təsdiqini alqışlayıram. Mən lehinə səs verən hər kəsə və hər bir dövlətə minnətdaram. Siz tarixin düzgün tərəfini seçmisiniz.
Ukraynada təcavüzkar üçün səsvermənin dağıdıcı nəticələri inandırıcı şəkildə göstərir ki, qlobal anti-Putin koalisiyası formalaşıb və fəaliyyət göstərir. Dünya bizimlədir. Həqiqət bizim tərəfimizdədir. Qələbə bizim olacaq!”
Dövlət başçısı paylaşıma səsvermənin nəticələrini də əlavə edib. Azərbaycan səsvermədə iştirak etməyib. Qeyd edək ki, bu, 2014-cü ildən bəri rekord səs sayıdır.
Azərbaycan sözügedən səsvermədə iştirak etməməklə düzmü taktika seçib?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, BMT-nin qəbul etdiyi sənəd ciddidir, ancaq tövsiyə xarkaterlidir:
“Təbiidir ki, belə məqamda Ukrayna üçün ciddi əhəmiyyətə malikdir. Rusiya ilə Ukrayna arasında müharibə yalnız hərbi meydanda deyil, eyni zamanda diplomatik müstəvidə aparılır. Bu baxımdan qəbul edilən qərarı Ukrayna diplomatiyasının qələbəsi saya bilərik. Ancaq yaxşı olardı ki, BMT qəbul etdiyi qərarların icra mexanizmi barədə də lazımi addımlar atsın. Biz 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra etdirə bilmədik. Sonda Azərbaycan əsgərinin özü həmin qətnamələrin icrasını təmin etdi. Mən Azərbaycan nümayəndə heyətinin səsvermədə hansı səbəbdən iştirak etmədiyi barədə məlumatlı deyiləm. Bu barədə heç rəsmi açıqlama da yoxdur. Bəlkə də bu, texniki səbəbdən baş verib. Taktika kimi seçilibsə, bunu da anlamaq olar. Çünki belə həssas məqamda Rusiya ilə açıq konfrontasiyaya getmək lazım deyil. Bu, həm də bugünlərdə imzalanan müttəfiqlik sazişinin ruhuna uyğun olmazdı. Ancaq taktiki baxımdan iclasda iştirak edib bitərəf qalmaq daha məqsədəuyğun olardı. Biz onsuz da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Cəmiyyətimiz Ukrayna ilə həmrəyliyini ifadə edir. Rəsmi səviyyədə isə münaqişənin sülh yolu ilə həllini istədiyimizi bəyan edirik”.
Məhəmmədəli QƏRİBLİ