Rusiya-Ukrayna müharibəsi səbəbindən tətbiq edilən sanksiyalar rusiyalı oliqarxları da hərəkətə gətirib. Bəziləri, hətta Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara etiraz əlaməti olaraq, Putinlə dostluq əlaqələrini kəsməyə qərar veriblər.
Rus milyarderləri Mixail Fridman və Pyotr Aven açıq etiraz etməyə başlayıblar. Aven “Rosneft” şirkətinin direktoru İqor Seçenin ən yaxın dostu olduğunu təkzib edib. Fridman isə onun, guya Putin administrasiyası ilə sıx əlaqələrinin olduğu barədə yayılan məlumatı inkar edib. Hansı ki, hər iki milyader Putinə yaxın olub. Məsələ ondadır ki, Avropa İttifaqı fevralın 28-də Fridman, Aven və onlarla digər rusiyalı məşhura qarşı sanksiyalar tətbiq edib. Aİ açıqlamasında Avenin Putinə ən yaxın oliqarx olduğunu, Fridmanın isə Rusiyanın əsas maliyyəçisi və Putinin ətrafına yaxın köməkçisi olduğunu bildirib. Bundan başqa, Rusiyanın nəhəng “Severstal” şirkəti Aİ ölkələrinə ildə 4 milyard dollara yaxın metal ixrac edirdi. Aİ bu şirkətə və onun rəhbəri Aleksey Mordaşova qarşı sanksiya tətbiq etdiyi üçün o da etiraz edir. Başını itirən A. Mordaşov deyib ki, heç vaxt siyasətlə məşğul olmayıb.
“Forbes” nəşrinin yaydığı məlumata görə, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi Rusiyadan olan iri biznesmenlərin maddi durumuna ciddi şəkildə zərbə vurub. Belə ki, Roman Abramoviç 114 milyon dollar, Süleyman Kərimov və ailəsi 420 milyard dollar, Fridman isə 206 milyon dollar vəsait itirib. “Spartak”ın rəhbəri Leonid Fedun isə bir dəfəyə 631 milyon dollardan məhrum olub.
Maraqlıdır, milyarderlərin get-gedə aqressivləşməsi Putin hakimiyyətinə nə vəd edir?
“Hələ ki, ölkədəki siyasi idarəetmə mərkəzdənqaçma meyllərinə qarşı güclüdür”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, sanksiyaların miqyasının genişlənməsi fonunda milyaderlərin artan narahatlığı hakimiyyətə təsirsiz ötüşməyəcək: “Hazırda Ukraynada gedən müharibə fonunda Rusiyaya qarşı iqtisadi sanksiyalar arealı genişlənməkdədir. Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, mədəniyyət və idman tədbirləri ilə bağlı sanksiyalar Rusiya üçün gözlənilməz olub. Nəzərə almaq lazımdır ki, idman yarışlarından və mədəniyyət tədbirlərindən də ölkəyə böyük gəlirlər daxil olurdu. Artıq Rusiyanın ev sahibliyi edəcəyi bəzi turnirlər ləğv edilib. Bu isə o deməkdir ki, Rusiya bunun sayəsində əldə etdiyi turizm gəlirlərindən məhrum oldu. Eyni zamanda, rus rublunun dollar qarşısında dəyər itirməsi son bir həftədə rekord səviyyəyə yüksəlib. Bütün bunları görən rus iş adamları açıq formada etiraz edir və getdikcə aqressivləşirlər. M.Fridman, P.Avenlə yanaşı, artıq Roman Abramoviç də bu şərtlər altında fəaliyyətlərini davam etdirə bilməyəcəklərini bəyan edib. Milyaderlərin mətbut vasitəsilə narazılıqlarını dilə gətirməsi Rusiya daxilində xaotik proseslərlə nəticələnə bilər. Ancaq hələ ki, Rusiyadakı siyasi idarəetmə mərkəzdənqaçma meyllərinə qarşı güclüdür. Lakin bu, davamlı şəkildə belə ola bilməz. Savaş bitdikdən sonra müharibə dönəmində bu tip açıqlamaları ilə gündəmə gələn milyaderlərlə hakimiyyət arasında çatlar dərinləşə bilər. Bu da ölkə daxilində vəziyyətin müəyyən qədər kritikləşməsinə səbəb ola bilər”.
Politoloq onu da qeyd etdi ki, məlum sanksiyaların Rusiyaya təsirləri bundan sonra daha çox özünü göstərəcək.
Vidadi ORDAHALLI