Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən Leyboristlər partiyasının təmsilçisi Marqaret Hodc (Margaret Hodge) xarici işlər naziri Elizabet Trassa sual ünvanlayıb:
“Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?”
Britaniyalı deputatın bu açıqlaması bəzi informasiya resurslarında geniş müzakirə mövzusuna çevrilib. Məlumdur ki, Azərbaycan rəsmi səviyyədə beynəlxalq hüquqa söykənən siyasət aparır. Cəmiyyət səviyyəsində Ukrayna ilə həmrəylik ifadə olunsa da, rəsmi səviyyədə yalnız sülhə çağırış bəyanatlarını görürük. Belə olan halda Azərbaycanın adının niyə sanksiyalar siyahısına salınması tələb olunur?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə yanaşma ancaq qərəzdən irəli gələ bilər: “Araşdırdıqda məlum olur ki, həmin təklifi verən deputatın özünün ən böyük biznesi hazırda Rusiya ilə müttəfiq olan Belarusdadır. Bu onu deməyə əsas verir ki, Azərbaycanın adını absurd şəkildə sanksiyalarla birgə hallandıran ingilis parlamentarinin əməlində erməni diasporunun barmağı var. Həmin deputatın fikirlərində hər hansı məntiq tapmaq olmur. Belə ki, Azərbaycan tərəfi Ukraynanın savaşa sürüklənməsində pay sahibi olan Qərbdən fərqli olaraq, münaqişənin ümumiyyətlə baş verməməsi üçün səylərini heç bir zaman əskik etməyib. Konflikt qızışdıqdan sonra isə məsələnin sülh yolu ilə həll olunması rəsmi Bakının tutduğu mövqe olub.
Leyboristlər partiyasının nümayəndəsi olan xanım Hodcun Azərbaycana qarşı çıxışları hələ 2017-ci ildən başlayıb. Onun ölkəmiz əleyhinə açıqlamaları erməni mətbuatı tərəfindən kütləvi şəkildə tirajlanıb. Bundan əlavə, Leyboristlər partiyasının erməni lobbisi ilə bağları da dəfələrlə Qərb KİV-ində işıqlandırılıb. Sirr deyil ki, qondarma genosidin tanınması məsələsini də Britaniyada ən çox qabardan elə leyboristlər olub. Azərbaycan Qoşulmama təşkilatının üzvü və sədri olaraq hazırda davam edən Ukrayna-Rusiya müharibəsində tərəfsiz mövqeyini açıq-aşkar nümayiş etdirir. Rəsmi Bakı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmadığı kimi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini də heç bir halda dəstəkləmir. Əksinə, Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bu baxımdan da, sözügedən təklifi obyektivlikdən uzaq olan qərəzli münasibət saymaq olar”.
Məhəmmədəli QƏRİBLİ