Belarus qoşunları Çerniqov vilayətinə daxil olub. Bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin məlumatına görə, faktı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirilov təsdiqləyib.
Qeyd edilir ki, Slabin, Pakul və Mixaylo-Kotsyubinski kəndlərinin sakinləri də informasiyanın doğruluğunu təsdiqləyiblər. Burada üzərində ağ dairə çəkilmiş hərbi texnikaların hərəkəti müşahidə edilib.
Hərbi texnikanın hərəkəti mobil rabitələrin söndürülməsi ilə müşayiət olunur.
Mixailo-Kotsiubinskinin yerli sakinlərinin sözlərinə görə, saat 11:30-da Belarusa məxsus hərbi kolon ərazidən keçib. 33 texnikadan 11-i “Qrad” olub. Mobil rabitə iflic olub, onlar Slabin və ya Pakul istiqamətində gedirlər.
Belarusun müharibəyə qoşulması prosesə başqa ölkələrin də açıq müdaxiləsilə nəticələnə bilərmi?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Belarus silahlı qüvvələrinin Ukrayna ərazisinə daxil olmasını media yazıb və rəsmi Kiyev təsdiqləyib: “Hesab edirəm ki, Belarus çox da aktiv əməliyyatlarda iştirak etmıyəcək. Daha doğrusu, Rusiya buna şərait yaratmayacaq. Onlar daha çox rusların nəzarətinə keçmiş ərazilərdə sabitliyin və asayişin qorunması funksiyasını həyata keçirəcəklər. Məsələnin digər tərəfi budur ki, Belarus həmin ərazilərdə asayişin qorunmasında iştirak edəcəksə, arqumentləri meydana çıxacaq. Beynəlxalq ictimaiyyətə bunu göstərəcək. Ancaq dünya düşünür ki, Belarus da aktiv şəkildə Rusiya ilə birlikdə müharibədə iştirak edir. Belarus aktiv əməliyyatlarda iştirak etsə belə, Qərbin hansısa ölkəsinin Ukraynaya dəstək məqsədilə müharibəyə qoşulacağını desək yanılarıq. Biz Suriyada gördük ki, Avropa ölkələri öz planlarını yerli əhalinin əli ilə həyata keçirir. Proses hibrid müharibə formatında həyata keçirilir. ABŞ da bəyan etdi ki, öz əsgəri ilə müharibəyə qatılmayacaq. Buna görə də, Belarusun iştrakı heç nəyi dəyişməyəcək”.
Məhəmmədəli QƏRİBLİ