Medianın inkişafı dövlətin pioritetlərindən biridir. Xüsusən də çağımızda cəmiyyətin elə də kütləvi maraq göstərmədiyi çap mediasının, qəzetlərin inkişafı Azərbaycan dövlətinin diqqətdədir.
Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediasının cəmiyyətdə populyarlaşması və qəzetlərin nüfuzunun artırılması üçün müxtəlif layihələr hazırlayır. Məlumatımıza görə, MEDİA-nın təşəbbüsü ilə yerli TV-lərdə xüsusi layihə həyata keçirilir və TV-lər yeni rubrika açıblar. “Real”, “Space”, “ARB” və digər TV-lərin səhər yayımlarında qəzetlərin xülasəsi təqdim olunur, qəzetlərdə gedən yazıların icmalı oxunur.
MEDİA-nın təşəbbüsü ilə qəzetlərin icmalının, xülasəsinin televiziyalar vasitəsilə ictimiayyətə təqdim edilməsinin faydası, xeyri çox böyükdür. Xüsusilə də çap mediasının ölkədə nüfuzunun artırılması üçün bu layihənin ayrıca əhəmiyyəti var. MEDİA-nın bu vacib layihəsinə yerli kanalların da çox böyük həvəslə, maraqla qoşulduğunun şahidi oluruq. Artıq bir neçə TV “Bakı-Xəbər”ə də müraciət edib və hər axşam “Bakı-Xəbər” qəzetinin PDF variantı telekanallara göndərilir. Səhər tezdən isə, “Bakı-Xəbər” də daxil olmaqla, qəzetlərin xülasəsi təqdim edilir.
“...Çox vaxtında irəli sürülmüş bir təşəbbüsdür, bir layihədir”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, MEDİA-nın bu layihəsi təqdirəlayiqdir: “Medianın İnkişafı Agentliyinin bu layihəsi çap mediasının təbliğ edilməsi baxımından çox əhəmiyyətlidir. Bu çap mediasının inkişaf etdirilməsinə, gündəmdə saxlanılmasına, daha da populyarlaşdırılmasına xidmət edən edən bir layihədir. Hesab edirəm ki, çox vaxtında irəli sürülmüş bir təşəbbüsdür, bir layihədir. Həqiqətən də, qəzetlərin TV-lər vasitəsilə təbliğatı çox vacibdir. İnsan psixologiyası belədir, bəlkə də kimsə pul verib qəzet alıb oxumaq istəmir, lakin səhər tezdən yerli qəzetlərdəki materialların anonsu veriləndə istər-istəməz ayaq saxlayıb qulaq asır. Nəticədə saysız insanlar çıxacaq ki, qəzetlərin xülasəsinə qulaq asmaqla kifayətlənməyib, həmin qəzetləri köşklərdə də axtaracaq, qəzet almağa maraq göstərəcəklər”.
Ş.Ağayevin fikrincə, bu layihənin əhəmiyyəti həm də odur ki, həm ölkə daxilində, həm də xaricdə yaşayanlar TV-lər vasitəsilə qəzetlərlə tanış olacaqlar. Bu baxımdan, xaricdəki soydaşlarımızın da, başqalarının da Azərbaycan mediasının hansı mövzulara üstünlük verdiyini, nə kimi mövzulara müraciət etdiyini, çap mətbuatının hansı səviyyədə olduğunu, necə işlədiyini, hansı sahələrdə analitik yazıların getdiyini biləcəyini deyən Ş.Ağayev qeyd etdi ki, çap mediası Azərbaycan ərazisində satılır, amma TV-lər vasitəsilə təbliğat qəzetlərin satış səviyyəsini də xeyli artıracaq. “Əla təşəbbüsdü. Hesab edirəm ki, bu layihə ideoloji cəhətdən çap mediasının təbliği baxımdan çox böyük əhəmiyyət kəsb edir”- deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA