Müharibə başlandıqdan sonra Rusiya ordusunun Ukraynaya güclü vakuum bombası atdığı barədə iddialar yayılmağa başlayıb. Bu iddia ilə birinci UNİAN "Telegram" səhifəsi çıxış edib. İddia olunub ki, Ukraynada 70 hərbçinin həlak olduğu Oxtırkadakı hərbi hissəyə hücum zamanı məhz vakuum bombasından istifadə edilib.
Bunun ardınca isə daha bir xəbər yayıldı. Ukrayna mətbuatı yazır ki, Rusiya Ukraynanı vakuum bombası ilə vurur. Bildirilənə görə, rus hərbçiləri tərəfindən Sumı vilayətinə bütün dünyada qadağan olunmuş vakuum bombaları atılıb. Qeyd edilir ki, Rusiya bu bomba vasitəsilə hucumu davam etdirir.
Türkiyənin “Hürriyət” qəzetinin yaydığı məlumata görə, Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova iddia edib ki, Rusiya Ukraynaya qadağan olunmuş kasetli bombalar və vakuum bombası atır, sivil insanların da ölümünə səbəb olan qırğınlar törədir. “Rusiyanın Ukraynaya vurmağa çalışdığı dağıntılar böyükdür. Onlar bu gün Cenevrə konvensiyasının qadağan etdiyi vakuum bombasından istifadə ediblər. Rusiya bununla bağlı ağır bədəl ödəməlidir”- deyə səfir qeyd edib.
Ağ Evin sözçüsü Cen Psaki isə vakuum bombası iddiaları ilə bağlı “biz bu xəbərləri görmüşük, lakin hələ təsdiq edə bilməmişik. Əgər doğrudursa, bu, müharibə cinayəti olacaq” deyib.
İddialara görə, vakuum bombası Rusiyanın istifadə etdiyi yeganə qadağan olunmuş silah deyil. İki beynəlxalq humanitar təşkilatın məlumatına görə, Rusiya hərbi qüvvələri ən azı iki mülki hədəfə qarşı bir çox ölkələr tərəfindən qadağan edilən kasetli sursatlardan istifadə edib. “Human Rights Watch” təşkilatının məlumatına görə, Vuqledar şəhərindəki xəstəxana kasetli bombalarla hədəfə alınıb, Oxtırka şəhərində isə uşaq bağçası da hədəf olub. Bu barədə isə “Amnesty İnternational” məlumat yayıb.
Ukraynada vakuum bombasından istifadə təsdiqlənərsə, nə baş verə bilər?
Qeyd edək ki, termobarik bomba, termobarik silah və ya vakuum bombası istilik əsasında təzyiqlə işləyən qeyri-nüvə bombasıdır. Neft və havanın birləşməsindən ibarət bombanın partlama mexanizmi yaratdığı təzyiqlə kiçik bir atom bombasına bərabər dağıdıcı gücə malikdir. Partlayış havada baş verir. Bombanın əmələ gətirdiyi toksik maddədən ibarət buludun partlaması nəticəsində çox yüksək temperatur əmələ gəlir.
“Rusiyanın Ukraynaya vakuum bombası atdığı təsdiqlənərsə, bu məsələyə beynəlxalq hüquq müstəvisində baxılmalıdır”
Hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün beynəlxalq aləmdə bu məsələ ciddi müzakirə edilir, amma hələ ki, Rusiyanın Ukraynaya vakuum bombası atması təsdiqini tapmayıb. T.Eyvazov hesab edir ki, həm vakuum bombasının, həm də kasetli bombanın atılması müharibə cinayətidir və onlardan istifadə qadağandır. “Vakuum bombası qadağan olunmuş sursat növlərindən biridir və böyük fəsadlara malikdir. Vakuum bombasından Əfqanıstanda da istifadə olunub. O, birmənalı olaraq qadağan olunmuş bombalardır. Nəyə görə? Vakuum bombaları ona görə qadağan olunub ki, o həm zəlzələ effekti yarada bilir, həm də insanların psixikasına təsir göstərir. İnsanın qulaq pərdələrinə, digər orqanlara güclü təsir edə bilir. Vakuum bombalarının şəhər yerlərində tətbiq edilməsi ümumiyyətlə qəti qadağandır. Bəzən əlçatmaz yerlərdə, yaşayış yerlərindən uzaqlarda, dağlarda istifadə edilir. Vakuum bombasının atılması tamamilə qırmızı xətlərin keçilməsidir. Ukrayna tərəf iddia edir ki, Rusiya Ukraynaya vakuum bombası atıb. Amma Rusiya hərbçiləri tərəfindən Ukrayna ərazisinə vakuum bombası atıldığı hələ təsdiqlənməyib. Əlbəttə, Avropanın ortasında vakuum bombasından istifadə olunması dəhşətlidir. Mən bilmirəm ki, vakuum bombasına görə hansı maddə ilə cinayət işi açmaq olar, amma bilirəm ki, bu bombanın atılması çox qəddar bir addımdır. Təbii ki, Rusiyanın Ukraynaya vakuum bombası atdığı təsdiqlənərsə bu məsələyə beynəlxalq hüquq müstəvisində baxılmalıdır. Hər halda, yaxın vaxtlarda araşdırmaların nəticələri üzə çıxacaq, bilinəcək ki, deyilənlər düzdür, yoxsa yox”.
T.Eyvazovun sözlərinə görə vakuum bombasından daha çox itki verilməsi, dağıntı törədilməsi məqsədilə istifadə olunur, çünki zəlzələ effekti yaradır.
T.Eyvazov qeyd etdi ki, qadağan olunmuş silahlardan istifadə edilməsi insanlıq əleyhinə cinayətdir və Ermənistan da Azərbaycana qarşı qadağan olunmuş silahlardan istifadə edib, bütün hallarda, qadağan olunmuş silahdan istifadə edənlərin cəzası çox ağır olmalıdır.
İradə SARIYEVA