Rusiya Ukrayna ərazisində artıq altıncı gündür ki, hərbi əməliyyatlar aparır və buna görə Qarb ölkələri və müttfəiqləri tərəfindən sanksiya və məhdudiyyətlərlə üzləşib. Sanksiya və məhdudiyyətlər Rusiya iqtisadiyyatını çökdürmək və hökumətini hərbi əməliyyatlara görə cəzalandırmaq üçün nəzərdə tutulub. Rusiyaya tətbiq olunan sanksiyalar sırasında siyasi, maliyyə, hərbi, idman, aviasiya, nəqliyyat kimi ən müxtəlif sahələri əhatə edən məhdudiyyətlər var.
Rusiyaya qarşı maliyyə sankisyalarına hətta münaqişələrdə neytral olan İsveçrə də qoşulacaq. 2020-ci ilin məlumatına görə, bu ölkənin banklarında Rusiyanın 11.24 milyard dollar sərvəti olub. Bazar ertəsindən Avropa İttifaqı hava məkanını bütün Rusiya təyyarələri üçün tamamilə bağlamaq qərarına gəlib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Rusiya tərəfindən qeydiyyata alınan və ya nəzarət edilən bütün təyyarələrə məhdudiyyət tətbiq ediləcək. Almaniya “Şimal Axını-2” qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırıb. O cümlədən, digər sanksiyalar da işə salınıb.
Bir sözlə, görünən odur ki, Qərb Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə Kremlə qarşı bütün vasitələrə əl atır. İqtisadi sanksiyalardan tutmuş, hərbi təzyiqlərə qədər bütün rıçaqları işə salırlar. Maraqlıdır, 30 il idi Azərbaycan əraziləri işğal altında idi, Qərb Azərbaycana niyə belə dəstək olmurdu? Ermənistana niyə sanksiya tətbiq etmədilər? Azərbaycanın muharibə haqqını niyə tanımırdılar? Bu azmış kimi, üstəlik, Ermənistana yardım da edirdilər.
“İşlərinə yarayanda beynəlxalq hüquq yada düşür, yaramayanda arxa plana keçir”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə bunun səbəbini bir sıra faktorlarla əlaqələndirdi: “Həqiqətən də Ukrayna məsələsində Qərb ciddi iradə ortaya qoyub və müxtəlif təzyiq vasitələrini işə salıb. Ermənistanın işğalçılıq siyasətinə qarşı isə ən adi sanksiyaları belə tətbiq etməkdən imtina etdilər. Bütün bunlar Qərbin riyakarlığından və ikili standartlardan qaynaqlanır. Bu o deməkdir ki, işlərinə yarayanda beynəlxalq hüquq yada düşür, yaramayanda arxa plana keçir. Qərb Ukrayna ilə bağlı ortaya qoyduğu mövqeyin onda birini Ermənistana münasibətdə sərgiləsəydi, işğal bu qədər uzanmazdı. Digər tərəfdən, Ukraynadakı qarşıdurma geopolitik bir qarşıdurmadır və yeni dünya nizamının formalaşmasıdır. Qarabağ müharibəsində Azərbaycanın qələbəsi göstərdi ki, yeni nizam Cənubi Qafqazda da formalaşacaq. Ancaq bütün bunlar Qərbin Qarabağ məsələsində etinasız mövqedən çıxış etməsinə haqq qazandırmır. Fransa və ABŞ istəyirdi ki, Ermənistan müharibədən qalib çıxsın. Ancaq onların bu planı alınmadı. Başqa bir tərəfdən, Rusiya-Ukrayna qarşıdurması daha böyük arealı əhatə edir. O üzdən Qərb bu qədər narahatdır”.
Bütün hallarda politoloq hesab edir ki, zamanında Qərb müdaxilə etsəydi, nə Ermənistan Azərbaycan ərazilərini işğal edərdi, nə də Rusiya Ukraynaya soxulardı.
Vidadi ORDAHALLI