Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə uzanır. Görünən budur ki, diplomatik səylər heç bir səmərə vermir. Hətta Belarusda keçirilən görüş də nəticəsiz yekunlaşıb. Bütün bu proseslər hər iki ölkənin daxilindəki vətəndaşları ciddi narahat edir. Hadisələrin bu cür davamı Putinin, yoxsa Zelenskinin hakimiyyətinə son qoya bilər?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, ağır vəziyyətə düşən Putindir: “Putinin addımları “bumeranq effekti” ilə qayıdıb özünə dəyir: “Ölkəyə tətbiq edilən sanksiyaların gətirəcəyi böyük zərərləri də hesablasaq, deyə bilərik ki, Rusiya çox ağır vəziyyətlə üzləşib, keçən hər gün bu fəlakəti daha da böyüdür. Rusiya qarşısına qoyduğu hədəflərə çata bilmədi. Rusiya ildırımsürətli müharibə həyata keçirəcəyini elan edərək, bir gün ərzində Kiyevi ələ keçirəcəyini bildirmişdi. Bu gün isə nə Kiyev, nə də hədəfdə olan digər iri şəhərlər Rusiya ordusunun nəzarətindədir. Əksinə, ötən günlər ərzində ruslar çox böyük itkilər veriblər, həm canlı qüvvə, həm zirehli texnika, həm müdafiə sistemləri, həm də qırıcılarını itiriblər. Bütün istiqamətlərdə Moskvanın planları alt-üst oldu.
Artıq Rusiyanın ziyalıları, hərbi elitanın bəzi üzvləri və bank sektorunun nümayəndələri Putinin davranışlarını qəti şəkildə pisləyiblər. Ehtiyatda olan Zabitlər Birliyinin rəhbəri, general İvaşov Putinin istefasını və məhkəmədə cavab verməsi tələbini irəli sürüb. Üç yüzdən çox ziyalı və ictimai-siyasi xadim məktub yazaraq müharibənin dərhal dayandırılmasını tələb edib.
Hər gün Rusiyanın şəhərlərində müharibə əleyhinə mitinqlər keçirilir. İnsanlar ölkə rəhbərliyini dərhal müharibəni dayandırmağa çağırırlar. Rusiya daxilindəki bu narahatlıq Kreml üçün təhlükə vəd edir. Çünki bu, böyümə və bütün ölkəni bürümə perspektivinə malikdir. Ukraynada isə xalq Zelenskinin ətrafında birləşərək Vətənin müdafiəsinə qalxıb. Proseslərin bu axarla davamı Putini hörmətdən salır, Zelenskini isə öz xalqının yanında hörmətə mindirir”.
Məhəmmədəli QƏRİBLİ