Gürcüstanın paytaxtı Tiflisin mərkəzi Abanotubani rayonunda yerli gənclər arasında dava baş verdiyi haqda məlumat yayılıb. Məlumata görə, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.
Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdiriliblər. Yaralıların vəziyyəti ağırdır. Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.
Qeyd edək ki, bir neçə gün əvvəl isə Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava olmuşdu.
Son günlər baş verənlər və “milli münaqişə” kimi qələmə verilən bu olaylar ola bilərmi ki, “azərbaycanlıların dözümsüz xalq” təqdim edilməsinə yönəlik bir təxribatdır. Yəni 44 günlük müharibədə qələbə qazanmasından sonra Azərbaycan rəsmən elan etdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, onlar burada azərbaycanlılarla birgə sülh və tərəqqi içində yaşayacaqlar. Bütün hallarda, həm svanlarla, həm də kürdlərlə bağlı olayda birbaşa ermənilərin əli olduğu gizlin deyil. Onlar kiçik məhəlli məsələləri “milli münaqişə” kimi qələmə verərək, belə bir rəy yaratmaq istəyirlər ki, guya azərbaycanlılar təkcə ermənilərlə deyil, başqa xalqlarla da “yola getmirlər”. Əslində, bu, erməni təxribatıdır və azərbaycanlılar bütün xalqlarla, toplumlarla çox yüksək dostluq, mehribanlıq şəraitində yaşaya bilirlər.
“Münasibətlərimizi kölgələmək üçün hər çür yaramazlığa gedirlər”
Publisist-şair, “Borçalı” İctimai Birliyinin sədr müavini Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər dünyanın harasında olmasından asılı olmayaraq, mütəmadi şəkildə türklərə qarşı təxribat, şantaj və qətllər həyata keçirirlər. “Bu onların artıq sistemləşmiş aksiyalarıdır ki, əməllərini başqa dövlətlərin KİV-ində, ictimai rəydə, eləcə də parlamentlər səviyyəsində həyata keçirməyə çalışırlar. Gürcüstanda baş verən son hadisələr buna misal ola bilər. Harada soydaşlarmızla bağlı müəyyən problem meydana çıxırsa, onun planlanmasında, kökündə bir antitürk erməni düşmənçiliyi və erməni diaspor sərmayəsi dayanır. O cümlədən, Gürcüstanda soydaşlarımızla bağlı baş verənlərdə erməni əlinin olduğu fikrindəyəm. Gürcülər yaxşı bilirlər ki, azərbaycanlılarda dosta sədaqət, düşmənə barışmazıq var. Gürcüstan xalqı və dövləti arasında səmimi dostluq, strateji tərəfdaşlıq durumundayıq. Gərək onlar erməni təxribatlarını cavabsız qoymasınlar və onların açıq şəkildə Gürcüstana ərazi iddiasında olduqlarını unutmasınlar.
Biz millət olaraq yaşadığımız tarixi torpaqlarımızda sahiblik və qonşulara ədalət hissimizi həmişə qorumuşuq. Gürcüstanda yaşayan azərbaycanlılar orada ermənilər kimi etnik azlıq deyil, aborigen xalqdır. Gürcüstanın ərazi bütövlüyünün qorunmasında və quruculuqda soydaşlarımız böyük əzm göstəriblər. Ermənilər isə həmişə fərarilik, pozuculuq edib, fiziki-mənəvi terrorçuluqla məşğul olublar. Ermənilər gürcülərlə normal əlaqələrimizdən, tərəfdaşlığımızdan narahatlıq keçirirlər. Odur ki, münasibətlərimizi kölgələmək üçün hər çür yaramazlığa gedirlər”.
D.Osmanlının sözlərinə görə, əsasən 44 günlük müharibədə hərbi, siyasi, mənəvi cəhətdən məhv olan ermənilərin təxribatları daha da artıb, ancaq heç nəyə nail ola bilməzlər. “Bütün oyunları ilə özlərinə məzar qazırlar. Onlar hələ də reallığı anlamırlar və humanizm düşüncəsinə adaptasiya ola bilmirlər” - deyə müsahibimiz vurğuladı.
D.Osmanlı hesab edir ki, svanlardan sonra indi də kürdlərin təxribata çəkilməsi birbaşa ermənilərin əli ilə baş verir. Bütün hallarda, Gürcüstan hökumətinin bu təxribatın kökünü araşdıracağına və günahkarları cəzalandıracağına inandığını deyən D.Osmanlının sözlərinə görə, bu işin içindən erməni təxribatı çıxacaq.
İradə SARIYEVA