Mayın 22-də Braziliyanın bir neçə siyasi və ictimai xadiminin 28 May “Respublika Günü” münasibətilə təbrikləri videomüraciət formatında yerli “Rede TV” kanalının “O Mundo in Foco” proqramında yayımlanıb.
Proqramda Braziliya Federativ Respublikasının Senatında Azərbaycan dostluq qrupunun sədri, Senatın sabiq birinci vitse-spikeri, hazırda Braziliya tərəfindən Latın Amerikası və Karib Parlamentinin vitse-spikeri, senator Antonio Anastasia, Konqresdə Azərbaycan dostluq qrupunun sədri, konqresmen Klaudio Kojado və onun müavini konqresmen David Suares, professor Leyla Bijos, “Ecpaco Caspio” internet xəbər portalının yaradıcısı Joao Xavier, yerli yazıçı Andrea Kandido və jurnalist-politoloq Milton Atanzionun təbrikləri yer alıb, xalqımızın ünvanına ən xoş arzular çatdırılıb. Azərbaycan-Braziliya münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə ümidlər ifadə edən proqram iştirakçıları ölkəmizin dünya xəritəsində tutduğu layiqli yeri və oynadığı mühüm rolu haqqında fikirlərini bölüşüb. Jurnalist Fabiana Seyhanın “Rede TV” kanalında apardığı proqram bazar günü, 23 may tarixində bir daha təkrarlanıb.