Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayəndəsinin Azərbaycanı sərhəd gərginliyində ittiham edən, Azərbaycanın, guya ki, beynəlxalq hüququ pozaraq Qarabağ ərazisini işğal etdiyini iddia edən açıqlamasına sərt münasibət bildirib.
Onun sözlərinə görə, öncə Ermənistan Xarici İşlər Nazirliyinə xatırlatmaq lazımdır ki, bütün bu illər ərzində beynəlxalq hüququn fundamental prinsiplərinin məhz Ermənistan tərəfindən tapdalanması son 30 ildə iki dövlət arasında sərhədin müəyyən olunmamasının əsl səbəbidir: “Ermənistanın 30 ildən sonra nəhayət beynəlxalq hüququ yada salması ümumilikdə müsbət bir haldır: “Lakin Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür. Azərbaycanı, güya ki, güc tətbiq edərək əraziləri işğal etməkdə ittiham edən Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər. Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir. Bir daha Ermənistanı özünün istinad etdiyi beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və hər hansı fikir ayrılıqlarının həllində konstruktivlik nümayiş etdirməyə çağırırıq”.
Çox maraqlıdır ki, 30 il ərazilərimizi işğal altında saxlayan bir ölkə utanmadan bizi işğalçılıqda ittiham edir. Ermənistanın bu yanaşmasının arxasında hansı məkrli niyyətləri dura bilər?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan XİN-in məlum bəyanatında Azərbaycan yalnız “işğalçılıqda” təqsirləndirilmir: “Həmçinin, güya bizim mülki əhalini girov saxlamağımıza, onların hərbi əsir saydığı şəxslərin azad edilməməsinə işarələr edilir. Bir sözlə, bizi müharibə cinayətləri törətməkdə ittiham edirlər. Bu bəyanat başdan-ayağa kimi qeyri-ciddi notlar üzərində qurulub. Qarabağın Azərbaycan ərazisi olması heç vaxt müzakirə mövzusu olmayıb. Dünyanın bütün nüfuzlu siyasi təşkilatları Qarabağı Azərbaycan ərazisi sayır. Azərbaycanın dünyanın 190 ölkəsilə ikitərəfli münasibətləri var. Onların da hər biri Qarabağı Azərbaycan ərazisi sayır. Ermənistan XİN-in belə bir mövqe ortaya qoyması həm də səriştəsizlikdən xəbər verir. Onlar elə zənn edirlər ki, bu cür cılız gedişlərlə dünya ictimiayyətini aldada bilirlər. Dövlət adından verilən bəyanatlar digər sahələrdən ciddiliyi ilə fərqlənməlidir. Ermənilər yalançı tarixlərində hər şeyi uydurduqları kimi, rəsmi bəyanatlarını da bu motivlə kökləyirlər. Psevdo reallıqda yaşayan bir dövlətin verdiyi bu bəyanata ciddi reaksiya verməyin də lüzumu yoxdur. Çünki bütün dünya ictimaiyyəti gözəl bilir ki, Qarabağı 30 il işğal altında məhz Ermənistan saxlayıb. Biz həmin əraziləri işğaldan azad etmişik”.
Politoloqun sözlərinə görə, dünya ictimiayyətini bu qədər avam yerinə qoymaq lazım deyil: “Ermənistanda keçirilən seçki hakimiyyət üçün ölüm-dirim məsələsinə çevrilib. Belə bəyanatlarla onlar hakimiyyətdə qalmağın fundamental əsaslarını bərpa etmək istəyirlər. Ancaq bu mümkün deyil. Fransa kimi erməni şəbəkəsinə yaxın ölkələr bu cür bəyanatlardan istifadə edir. Reallıq bundan ibarətdir ki, mövcud beynəlxalq hüquqda bunun adına sərsəmləmədən başqa nəsə deyə bilmərik”.
Məhəmmədəli QƏRİBLİ