Belə görünür ki, nəinki Ermənistandakı mövcud hakimiyyət rəsmilərinin, əvvəlkilərin də ciddi psixi problemləri var. Artıq buna şəkk-şübhə qalmayıb.
Məsələn, Ermənistanın sabiq baş naziri Hrant Baqratyan özünün “Facebook” səhifəsində yazır: “İndi qoy bu dəli (yəni Paşinyan) ayağa qalxsın və əvvəlki liderlərin günahkar olduğunu desin”.
Ancaq Ermənistanın keçmiş ədliyə naziri Gevork Danielyan isə bir az da irəli gedərək əvvəlkiləri kölgədə qoyub. Danielyan “Fasebook” səhifəsində yazıb ki, Azərbaycanla sərhəddə delimitasiya və demarkasiya işləri GPS-lə yox, Romadakı daş kitabələrə əsasən müəyyən olunmalıdır. O iddia edir ki, sözügedən daş kitabələrdə sərhəd müəyyən olunub: “Delimitasiya və demarkasiya etibarlı xəritələrdən istifadə olunmaqla aparılmalıdır. Belə bir xəritə bu saat Romadadır. Xəritə daş kitabə üzərinə həkk olunub. Biz o xəritəyə əsaslanmalıyıq. Yeri gəlmişkən, məlum səbəblərə görə orada Azərbaycanla bağlı heç bir şey yoxdur”.
Bu bir daha ermənilərin öz ağlını itirdiklərini açıq şəkildə ortaya qoyur.
“Romanın daş yazılarında ermənilər barədə məlumatların olması uydurmadır”
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, ermənilərdən istənilən yalan və saxtakarlıq gözləmək olar: “Əvvəllər, yəni SSRİ dönəmində ermənilər müəyyən qədər çəkinirdilər. Az-maz o dövrdə obyektiv yazan var idisə, 90-cı illərdə bundan əsər-əlamət qalmadı. O qədər uydurma və cəfəngiyyat yazırlar ki, biri o birini təkzib edir. Bu günlərdə bir kitab çıxmışdı, orada ermənilərin 49 yalanı ifşa olunmuşdu. Onlar Qafqaz və Cənubi Qafqaz haqqında, nə qədər desən, uydurma tarix yazıblar. Avropada əvvəllər ermənilərin yalanlarına inanmırdılar. Ancaq onlar ötən illər ərzində davamlı olaraq o qədər yalan uydurublar ki, artıq bəziləri buna inanmağa başlayıblar. Bunların psixikası o qədər pozulub ki, hər biri kitab yazır. Məsələn, Cənubi Saxalində bir polkovnikə rast gəldim. O mənə Qarabağ baradə yazdığı kitabdan danışdı. Harada erməniyə rast gəlirik, onlar əjdadları barədə kitab yazdıqlarını deyirlər. Bir-iki ildir bunlar Qafqazdan sonra digər ərazilər barədə kitab yazırlar. Deyirlər Ukrayna, Rusiya torpaqları ermənilərə məxsusdur. Hətta Misir ehramlarının da onlara məxsus olduğunu uydururlar. İddia edirlər ki, guya ermənilər Roma dövlətindən əvvəl xristianlığı qəbul ediblər. Ancaq bununla bağlı bir mənbə ortaya qoya bilmirlər. Biabırçılığa bax ki, bunlar Nuh peyğəmbərin Qafqaza gəlməsi və ilk dəfə ermənicə danışması barədə kitablar yazırlar. Buna ancaq gülmək olar. Ancaq biz ermənilərin bu yalanlarını ifşa etməsək, onlara inananlar olur. Xüsusən də Qafqaz Albaniyası barədə o qədər yalanlar yazırlar ki, deməklə qurtaran deyil. Romanın daş yazılarında ermənilər barədə məlumatların olması uydurmadır, qaldı ki, orada hansısa xəritələr olsun. Ay bədbəxt erməni, sən özünə hay deyirsən. Hayların da tarixi qədim deyil. Haylar ordan-burdan yığılmış qriqoryan xristianlardır. İrandan, Hindistandan gələn qaraçılar qriqoryanlığı qəbul ediblər. Bunlar haydır, Armeniya deyil. Əgər tarixdə Armeniya adında bir yer varsa, o qətiyyən ermənilərə aid deyil. Dəclə və Fərat çayları yaxınlığında armenlər adlı tayfalar yaşayıb. Onlar Armen adında dövlət yaradıblar, amma bunun ermənilərə heç bir dəxli yoxdur”.
Professor hesab edir ki, bütün bunlara rəğmən, biz ermənilərin yalanlarını hər dəfə ifşa etməliyik.
Vidadi ORDAHALLI