Azərbaycanın Laçın rayonunda Qaragöl istiqamətində Ermənistanla sərhədlərini müəyyənləşdirmək niyyəti hələ də İrəvanda ciddi qalmaqal mənbəyi olaraq qalmaqdadır. Xatırladaq ki, bu hadisədən dərhal sonra İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək, guya sərhədlərinin pozulması səbəbindən qurumun Azərbaycana qarşı hərəkətə keçməsini tələb etdi. Lakin Azərbaycanın öz sərhədləri daxilində hərəkət etməsini nəzərə alan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana rədd cavabı verdi.
Bu vəziyyətdə hazırda Ermənistanda müəyyən qüvvələr tərəfindən fikirlər səsləndirilir ki, İrəvan istər ikinci Qarabağ müharibəsində, istərsə də Qaragöl ətrafında baş verənlər fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından heç bir dəstək almadığı üçün bu qurumu tərk etməlidir. Amma Ermənistanda böyük əksəriyyəti narahat edən bir məsələ də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşula biləcəyidir. Yeri gəlmişkən qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “İzvestiya” qəzetinə müsahibəsində bu xüsusda yenidən maraqlı məqamlara toxunub. Nazir müavini Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ehtimalına toxunarkən rəsmi Moskvanın bu üzvlüyə isti baxdığını, lakin müəyyən daxili prosedurların razılaşdırılmalı olduğunu əlavə edib: “Özbəkistan formal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmayıb, sadəcə, üzvlüyünü dondurub. Ona görə də qayıtmaq istəyi olsa, Özbəkistan bütün ölkələrdən asan şəkildə üzvülüyünü bərpa edə bilər. Digər ölkələrə, o cümlədən Azərbaycana gəlincə, KTMT-nın qapısı hamı üçün açıq olmalıdır. Üzvlüyə mane ola biləcək yeganə məsələ, təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr arasında diplomatik münasibətlərin vacibliyi ilə bağlıdır. Hələlik, Azərbaycan və Ermənistan arasında belə münasibətlər mövcud deyil. Gec və ya tez bu olacaq və bu baş verdiyi zaman Azərbaycanın üzvlüyü məsələsi praktik həllini tapa bilər”.
Ümumiyyətlə, Rusiyada KTMT çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanlarını istisna etmirlər. Hələ iki il əvvəl bu məsələyə toxunan Rusiya baş nazirinin müavini Yuri Borisov Azərbaycanın təşkilatda müşahidəçi statusu almasının mümkünlüyünü bildirib. O vaxt KTMT-də müşahidəçi və tərəfdaş dövlətin statusu məsələsi ilə bağlı nizamnamədə də dəyişiklik edilib. Dəyişikliyə qədər üzv dövlətlərdən hər hansı biri bu və ya digər qərarın qəbul edilməsi ilə bağlı “yox” desəydi, qərar qəbul edilmirdi. Bu, Ermənistanın əlində çox təsirli bir rıçaq idi. Yeni nizamnaməyə görə, bu və ya digər qərarın qəbul edilməsi üçün konsensus prinsipi qüvvədən düşmüş hesab edilir. Azərbaycanın perspektivdə bu təşkilata müşahidəçi və tərəfdaş kimi statusunun müəyyən edilməsi məsələsi gündəmə gələcəyi təqdirdə, konsensus çoxluğu ilə bu mümkündür. Bu fonda artıq xeyli müddətdir Azərbaycanın bu qurumda müşahidəçi və tərəfdaş dövlətin statusu məsələsi ətrafında fikirlər səsləndirilir. Rus hərbi analitik Aleksandr Xramçixin də qeyd edir ki, Azərbaycanın KTMT-yə müşahidəçi kimi qəbul edilməsi səs çoxluğu ilə olsa, o zaman bu mümkündür. Ekspert qeyd edir ki, bu bir neçə dövlətin ittifaqıdır: “Təşkilat genişlənmək istədiyi halda müşahidəçilərin və tərəfdaşların statusu meydana çıxır”.
Xatırladaq ki, Azərbaycanın KTMT-nin yaranmasında rolu olub. Azərbaycan 1993-cü ilin sentyabrında KTMT ilə müqaviləni beş il müddətinə imzalayıb. Lakin beş ildən sonra Bakı bu müqaviləni uzatmayıb. Hazırda Azərbaycanla Rusiya arasında iqtisadi, hərbi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədədir. Bu fonda ölkənin yenidən bu qurumda təmsil edilməsi Kreml üçün olduqca məqbuldur. Bakının da belə bir istəyi olduğu halda Azərbaycanın təşkilatda təmsil olunmasına Ermənistan hansısa ciddi maneə yaratmaq iqtidarında deyil. Hazırda KTMT-nin altı üzvü Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır. Azərbaycan bu qurumun üzvü olmasa da, orada Ermənistanla müqayisədə daha böyük nüfuza sahib olduğunu dəfələrlə təsdiq edib. Ermənistan artıq çox gözəl dərk edir ki, Azərbaycan bu təşkilatın üzvü olmasa da, quruma üzv dövlətlərin ölkəmizlə daha sıx münasibəti var. Elə təşkilat çərçivəsində də Ermənistan küncə sıxılmış vəziyyətdədir.
Burada qeyd edək ki, Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmiz hazırda bu təşkilata sədrlik edir. Hesab edilir ki, Qoşulmama Hərəkatının üzvü olan dövlətin bu və ya digər hərbi bloka daxil olması məqbul deyil. Ancaq müşahidəçiliyin problemi yoxdur və Azərbaycanın, hətta KTMT-də müşahidəçilik statusunun özü də Ermənistanı vahiməyə salmağa bəs edir. Ümumiyyətlə, təşkilatda nə müşahidəçilik, nə tərəfdaşlıq, nə də üzvlüyü olan Azərbaycanın təşkilat çərçivəsindəki ölkələrlə çox inkişaf etmiş münasibətləri Ermənistanı narahat edir. İndiki halda Azərbaycanın KTMT ilə müşahidəçi və tərəfdaş statuslu əməkdaşlığının yaranması Bakının qurum çərçivəsində də mövqelərinin daha da möhkəmlənməsinə, eyni zamanda Ermənistana təsir və təzyiq imkanlarımızın daha da genişlənməsinə gətirib çıxarmaq iqtidarındadır.
Tahir TAĞIYEV