İsrail və Fələstin arasında başlanan yeni münaqişə hələ də səngimək bilməyərək, getdikcə daha radikal xarakter alır. Bütün çağırışlara rəğmən, tərəflərin qarşılıqlı hücumu artır. İş o yerə çatıb ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin İsrailin Qəzza zolağındakı HƏMAS yaraqlılarını bombardman etməsini azaltmaq çağırışını rədd edib. Netanyahu verdiyi açıqlamada bu əməliyyatı məqsədinə çatana qədər davam etdirməyə qərarlı olduğunu deyib.
Netanyahu Amerika prezidentinin dəstəyini çox təqdir etdiyini, lakin ölkəsinin sakitlik və təhlükəsizliyi İsrail vətəndaşlarına qaytarmaq üçün irəliləyəcəyini bildirib. Bu vəziyyətdə BMT də zorakılıqlara son qoyulması üçün vasitəçilik səylərində aktiv iştirak etdiyini bəyan edib. Lakin hələ də hansısa nəticə yoxdur. Məşhur "Business İnsider" nəşrində Vaşinqtondakı Amerika Universitetinin professoru Boaz Aozili real vəziyyətin təhlil edildiyi məqaləsində yazır ki, proseslərin inkişafı daha qorxulu xarakter almağa başlayır: “İsrail və HƏMAS qüvvələri davamlı artan gərginlikdə ilişib qalıb. Bu yeni bir şey deyil. Hər neçə ildən bir tərəflər arasında bir neçə gün və ya həftə ərzində qan tökülür ki, bu da barışıqla başa çatır. Və nəticədə vəziyyət köhnə depressiv status-kvoya qayıdır. Qəzza zolağı xarabalıq və mühasirədə qalır və qonşu İsrail əhalisi növbəti hücumdan daim qorxu içində yaşayır. Münaqişə simmetrik deyil. İsrail HƏMAS-dan daha güclü hərbi mənbəyə sahibdir. Ancaq hər ikisi üçün travmatikdir. Və heç bir tərəfin həqiqi hərbi və ya diplomatik həll variantı yoxdur. İsrailin əsas məqsədi, HƏMAS da daxil olmaqla, düşmənlərinə qarşı sərt görünməkdir. Bu, israillilərin həyatını yaxşılaşdırmaq və ya milli maraqları inkişaf etdirmək üçün edilmir. Güc nümayiş etdirmək özlüyündə bir hədəfdir. Nisbi zəifliyə baxmayaraq, HƏMAS liderləri də eyni düşüncəyə sahibdir. Bunu təşkilatın təhrik etdiyi və heç bir strateji nailiyyət əldə etməyən bütün yeni şiddət ocaqları təsdiqləyir. HƏMAS İsrail zülmünə qarşı bir güc olaraq yalnız nüfuzunu artırır".
Qeyd edək ki, baş verənlərə ən sərt reaksiya sərgiləyən ölkələrdən biri də Türkiyədir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Qurtulmuş qeyd edir ki, İsrail indiki hərbi əməliyyatlara bir fürsət kimi baxır: “Süleyman məbədini qurmaq istəyirlər. Bunun qarşısını islam dünyasının flaqmanı olaraq alacağıq. Əvvəlcə diplomatiya... İsrailin faktiki olaraq dayandırılması üçün başqa bir yol yoxdur. Bütün beynəlxalq təşkilatlar hərəkətə keçməlidir. Bölgədə sülhməramlı qüvvə qurulmalıdır. Prezidentimiz hazırda diplomatik hücumdadır. Gələcəkdə də faktiki bir müdaxilə olacaq. İsrailin xəyallarından asılı olmayaraq, Türkiyə tarixi rolunu oynamağa davam edəcək". Rusiyalı ekspert Boris Dolqov isə qeyd edir ki, Türkiyə rəsmilərinin Fələstinə sülhməramlı qüvvələr yerləşdirməsi təklifi diqqətçəkəndir: “Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı mövcud mexanizmlər yerində sayarkən, Türkiyə böhrandan çıxışla bağlı öz təklifini irəli sürdü, BMT prinsipləri əsasında regionda sülhməramlı qüvvələrin yerləşdirilməsi çağırışını etdi. Bu təklif yeni və olduqca maraqlıdır. Bu fikir mövcud durumu qanlı nöqtədən uzaqlaşdırmaqla bağlı pozitiv məqamları özündə ehtiva edir. Lakin İsrail və arxasında dayanan ABŞ-ın bu təklifləri qəbul etməsi vacibdir. Onların təsdiqi olmadan regiona sülhməramlı göndərmək mümkün deyil”. Ekspertlər qeyd edir ki, sülhməramlı qüvvələr yaradılarsa, orada iştirak edəcək tərəflərdən biri də Azərbaycan ola bilər.
Əvvəla, Azərbaycan artıq dünyanın bir çox ölkələrində sülhməramlı missiyası həyata keçirib. Bu səbəbdən, Qəzzada da sülhməramlı fəaliyyət üçün lazımi təcrübəyə malikdir. Digər tərəfdən həm İsrail, həm də Fələstinlə Azərbaycan yüksək əlaqələrə malikdir. Bu mənada, sülhməramlı missiya yaradılarsa, Azərbaycanın bura daxil olmasına heç bir tərəf etiraz etməyəcək. Digər tərəfdən, Azərbaycan bu gün İsrail-Türkiyə, İsrail-İran arasında dialoqun qurulmasında vasitəçi kimi də çıxış edə bilən azsaylı dövlətlərdən sayılır. O da məlumdur ki, Azərbaycanla münasibətlər İsrail üçün ən unikal və çox vacib məsələlərdən biridir. Bu günlərdə "Israel Hayom" qəzeti də yazmışdı ki, əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi Azərbaycan dövləti İsraili özünə ən yaxın ölkələrdən və şübhəsiz, regionda strateji baxımdan ən əhəmiyyətli dövlətlərdən biri hesab edir. Məqalədə qeyd olunurdu ki, İkinci Qarabağ müharibəsi zamanı bütün dünya bu iki ölkə arasında strateji tərəfdaşlığın effektiv olmasını gördü: “Azərbaycanın bu müharibədə qazandığı parlaq Qələbədə İsrail silahlarının, o cümlədən “Lora” ballistik raketinin və “Harop” zərbə pilotsuz uçuş aparatlarının köməyi az olmayıb. Bu müharibə dövründə Azərbaycan İsrail cəmiyyətindən real dəstək alıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnologiyalardan və yüksək dəqiqlikli silahlardan, o cümlədən İsraildə istehsal edilmiş pilotsuz uçuş aparatlarından istifadə edilməsi döyüş meydanında hərbi qələbəyə nail olmaqda mühüm rol oynayıb. Ölkələrimiz arasında siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq hər iki tərəf üçün faydalıdır”. İsraillə yanaşı, Azərbaycanın Türkiyə və İranla da münasibətləri yüksək səviyyədədir. Siyasi, iqtisadi əlaqələr getdikcə güclənir. Bu səbəbdən Tehranın Azərbaycanın vasitəçiliyi ilə İran-İsrail dialoquna müsbət yanaşması tamamilə mümkün hesab edilir. Eyni sözləri Türkiyəyə də aid etmək olar.
Nahid SALAYEV