Azərbaycan Ordusunun təlimləri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilir ki, növbəti mərhələdə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib. Təlimlərdə antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.
Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların antiterror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
Görünən odur ki, Azərbaycan Silahlı Qüvvələri rəsmən antiterror əməliyyatlarına hazırlığa start verdi. Bu hazırlığa ekspertlər necə yanaşırlar?
“Bundan qorunmağın yeganə yolu tədbirli olmaqdır”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli buna müsbət prizmadan yanaşdı. Onun fikrincə, belə halların qarşısını almaq, xüsusən ermənilərin kompakt yaşadıqları ərazilərdə qarşıya çıxa biləcək hadisələri önləmək üçün dövlət əvvəlcədən tədbirlər görür: “Azərbaycanda keçirilən hərbi təlimlər hansısa təhlükənin olması demək deyil. Amma biz bilirik ki, Ermənistan bir müddət keçdikdən sonra Azərbaycana qarşı terror və cinayət hadisələrini həyata keçirə bilər. Ermənistan mövcud olduqca Azərbaycan üçün terror təhlükəsi həmişə var. Bundan qorunmağın yeganə yolu tədbirli olmaqdır. İstənilən an işğaldan azad edilmiş ərazilərimizə düşmənin sızmaları və terrorçu əməlləri ola bilər. O da məlumdur ki, Rusiya sülhməramlılarının arxasında gizlənən Vitali Balasanyan, Araik Arutyunyan və digər terrorçular var. Biz onları tanıyırıq. Azərbaycanda soyqırım aktları həyata keçiriblər. Onların məsuliyyətə cəlb olunmaları üçün Azərbaycan tərəfi cinayət işi açıb, ilk imkanda həbs olunacaqlar. Amma reallıq budur ki, onların arxasında dayanan qurumlar var, ona görə də bu şəxsləri həbs etmək çətindir”.
Hərbi ekspert hesab edir ki, bu kimi təlimlər mühüm əhəmiyyət kəsb edir.
Vidadi ORDAHALLI