Prezident İlham Əliyev Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edərkən deyib ki, Belarusla hərbi sahədə əməkdaşlıq yaxşı nəticələr verir:
“Bizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana bu yaxınlardakı səfəri bunu bir daha təsdiq etdi. Biz onunla çox ətraflı söhbət etdik, ikitərəfli münasibətlərin geniş gündəliyinə dair danışıqlar apardıq, o cümlədən, ölkələrimiz arasında artıq qədim tarixə malik olan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu istiqamətdə, həmçinin, bütün başqa istiqamətlərdə əməkdaşlığı davam etdirmək əzmindəyik. Dediyim kimi, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq qədim tarixə malikdir və çox yaxşı nəticələr verir”.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvanın provokativ davranışları Azərbaycan və KTMT arasında hər hansı ciddi bir problemin yaranmasına yol aça bilməz. Bu qurumun üzvləri Azərbaycanla qarşılıqlı münasibətlərini rəsmi İrəvanın avantüralarına qurban verməzlər. Yəni rəsmi İrəvanın sərhədlərin delimitasiyası ilə bağlı hay-küyü ciddiyə alınmayacaq. Rəsmi İrəvanın KTMT-dan dəstək gözlədiyi bir ərəfədə bu qurumun önəmli üzvlərindən olan Belarusun müdafiə nazirinin səfəri və keçirilən yüksək səviyyəli görüşlər nə deməkdir?
“Bunun əsası olmadığı üçün KTMT üzvləri Ermənistanın çağırışına ciddi yanaşmırlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili, politoloq Elman Nəsirov buna bir neçə aspektdən yanaşdı: “İndiki məqamda Belarus müdafiə nazirinin Azərbaycana səfəri və keçirilən yüksək səviyyəli görüşlərin çox böyük siyasi mənası var. Birincisi, Azərbaycan-Belarus münasibətləri strateji xarakter kəsb edir. Bütün sahələrdə, xüsusən də hərbi-texniki əməkdaşlıq sferasında əlaqələrin qurulması vacib əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, ordumuz dünyanın ən güclü orduları sırasındadır. Özü də bu, sözdə yox, əməldə təsdiqlənmiş reallıqdır. Vətən müharibəsi bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan 21-ci əsrin müharibəsini aparmağa qadirdir. Hərbi sahədə Azərbaycan bir sıra ölkələrlə əməkdaşlıq edir. Onların içində Belarusun da xüsusi yeri var. Hərbi sahədə ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir. Yeni hədəflər var və bu baxımdan biz çox ciddi partnyorlarıq. O da məlumdur ki, Belarus Ermənistanla birlikdə KTMT-nin üzvüdür. Son hadisələr fonunda qoşunlarımız delimitasiya və demarkasiya məsələlərindən irəli gələrək Ermənistanla sərhədlərimizi dəqiqləşdirir. Nəticədə Qaragöl Azərbaycanın nəzarətinə keçib. Bu, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının xəritələrində də öz əksini tapıb. Sadəcə, iqlim şəraiti imkan vermirdi ki, müharibədən dərhal sonra sərhəd xətlərini müəyyən edək. Lakin indiki şəraitdə bunu etmək artıq mümkündür. Ermənistan isə hay-küy qaldıraraq bunu beynəlmiləlləşdirmək istəyir. O cümlədən, KTMT-ni bu işə qatmağa çalışır. Ancaq bunun əsası olmadığı üçün KTMT üzvləri bu çağırışa ciddi yanaşmırlar. Belə bir şəraitdə KTMT üzvü olan Belarus müdafiə nazirinin Azərbaycana səfəri Ermənistana verilən ən yaxşı cavabdır. Bütövlükdə, Azərbaycanın Ermənistan xaric KTMT üzvü olan bütün dövlətlərlə münasibətləri çox yüksək səviyyədədir. Yəni bu ölkələrlə sıx dostluq, strateji tərəfdaşlıq münasibətləri var”.
Millət vəkili hesab edir ki, bütün bunlar Ermənistanın fiasko ilə üzləşəcəyini indidən göstərir.
Vidadi ORDAHALLI