Rusiya sərhəddəki gərginliyin aradan qaldırılmasında Azərbaycan və Ermənistana, hər iki dövlətdən belə bir müraciət gələrsə, kömək edəcək. Bunu jurnalistlərə Rusiya Federasiyası Xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
Onun sözlərinə görə, bu normal haldır ki, tərəflər belə bir şəraitdə bizə kömək, yardım, vasitəçilik üçün müraciət edirlər, özü də 9 noyabr və 11 yanvar tarixli bəyanatların hazırlanması kontekstində təcrübə mövcuddur: “Buna görə də, belə bir müraciət yalnız tərəflərdən birindən deyil, bütün iştirakçılardan gəlsə, mən Azərbaycanı və Ermənistanı nəzərdə tuturam, o zaman əlimizdən gələn köməyi göstərməyə hazır olacağıq".
Göründüyü kimi, Rusiya prosesə tam müdaxilə üçün qanuni zəmin istəyir. Bunun ardınca Rusiya Federasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində İrəvana və Bakıya sərhəddəki vəziyyətin həllində kömək təklif edib. Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbəri bildirib ki, Rusiya sərhəd demarkasiyası üzrə Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılmasının tərəfdarıdır və bu məsələdə vasitəçi olmağa hazırdır: “Dünən qeyri-rəsmi olaraq KTMT xarici işlər nazirlərinin işinə başladıq. Erməni həmkarımızın xahişinə baxdıq və bu tələbə uyğun olaraq Bakı və İrəvan arasındakı münasibətləri müzakirə etdik... Tərəflərlə ilkin razılaşmaya əsasən, sərhədin delimitasiyası və demarkasiyası üçün Rusiya ortaq Ermənistan-Azərbaycan komissiyası yaratmağı təklif edib və bu komissiyada, tərəflərin istəyinə uyğun olaraq, Moskva ya məsləhətçi, ya da vasitəçi kimi iştirak edə bilər”.
Rusiyanın bu tələbləri nəyə hesablanıb?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın Qarabağdakı vəziyyətlə bağlı prosesləri nəzarətə almaq cəhdləri açıq-aydın görünür: “Həmin ölkə sülhün qarantyoru qismində çıxış edir. Bunun da fonunda özünün Cənubi Qafqazdakı mövcudluğunu qoruyur. Digər gücləri buradan sıxışdırır. Qarabağdakı münaqişənin sonunda Rusiya öz sülhməramlılarını bölgəyə yerləşdirdi və bundan məmnundur. Hazırda iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi aparılır. Ermənistan bundan narahatdır, müəyyən təxribatlara əl atır. Rusiyaya, KTMT-yə dəfələrlə müraciət edib. Hətta nə qədər qəribə olsa da, NATO-dan da kömək istəyib. Ancaq istədikləri nəticəni əldə edə bilmədilər. Onların çalışdığı budur ki, Rusiya KTMT üzvü kimi birmənalı olaraq Ermənistanı dəstəkləsin. Ancaq biz görürük ki, Rusiya və KTMT bu prosesdə neytral mövqe tutur. Rusiya rəsmilərinin son təklifləri də buna hesablanıb. Moskvaya bölgədə gərginliyin olması sərf etmir. İki tərəfin də müraciətinin zəruriliyi deyəndə, Rusiya rəsmisi Azərbaycanı nəzərdə tutur. Çünki Ermənistan indiyə kimi çoxlu belə müraciətlər edib. Azərbaycan isə bir dəfə də olsun etməyib. Bu elə prosesdir ki, kiminsə vasitəçilik etməsi lazımdır. Çünki Ermənistan hər vəchlə təxribatlara əl atmağa çalışacaq. Biz öz ərazilərimizin bərpasını istəyirik. Burada söhbət yalnız obyektiv mövqeli vasitəçilikdən gedə bilər. Rusiyanın sülhməramlı missiyası ilə bağlı bizim kifayət qədər narazılığımız var. Sərhəd məsələsindəki vasitəçiliyi də belə etsələr, narazılıq yarana bilər. Yəqin ki, Azərbaycan belə bir vasitəçilyiə icazə verəcək”.
Məhəmmədəli QƏRİBLİ