Məlumdur ki, bir müddət öncə MDB-nin Parlamentlərarası Assambleyasında çıxışı zamanı Rusiyanın daxili işlər nazirinin müavini Aleksandr Qorovoy MDB-yə üzv ölkələrin Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılması ilə bağlı tələbini açıqlamışdı. O, təqdim etdiyi slaydda MDB-yə üzv ölkələrin Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının sayını açıqlamışdı. Slaydda Rusiyada 120 min azərbaycanlının qanunsuz yaşadığı qeyd edilmişdi.
Rusiyada qanunsuz yaşayanların ölkəni tərk etməsi üçün 15 iyuna qədər vaxt verilib. Vaxta da az qalıb. O da məlumdur ki, hazırda pandemiya dövründəyik. Karantin rejiminin tələbinə uyğun olaraq, quru sərhəd bağlıdır. Belə olduğu halda, vətəndaşlar ölkəmizə qayıtmaq üçün yalnız hava nəqliyyatından istifadə etməlidirlər. Ancaq pandemiya ilə əlaqədar olaraq təyyarə biletinin satış qiyməti qalxıb və bu kimi hallar Rusiyada qanunsuz yaşayan azərbaycanlıların ölkəmizə geri qayıtmasına problemlər yaradır.
Qeyd edək ki, Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin dövlət və qeyri-dövlət strukturlarında, elmi-istehsal müəssisələrində, mədəniyyət və incəsənət institutlarında mühüm postlar tutmaqla yanaşı, digər hissəsi də bazarlarda gündəlik dolanışıq mənbəyi axtarışı ilə məşğuldur.
Maraqlıdır, həmvətənlərimizin geri qayıtması üçün Azərbaycan dövləti hansı tədbirləri görməlidir?
“Rusiyada qanunsuz yaşayan şəxslərin ölkəmizə çarter reysləri ilə gətirilməsi ilə bağlı müəyyən işlər görülməlidir”
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, bu məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi çox zəif fəaliyyət göstərir: “Danılmaz faktdır ki, bu vəziyyətə düşən yüzlərlə Azərbaycan vətəndaşı var. Bir çoxu onların saylarının 120 min olduğunu qeyd edib. Bu aylar ərzində onların bir çoxu çalışdı ki, leqal sənədlər düzəldib, Rusiyada qalmaqda davam etsin. Onlar bilirlər ki, Azərbaycana qayıtsalar, iş tapmaqla bağlı problemlərlə qarşılaşacaqlar. Ona görə də onların bəziləri verilən müddətdən istifadə edərək öz vəziyyətlərini leqallaşdırmağa çalışdılar. Amma buna baxmayaraq, yenə də minlərlə vətəndaşımızın geri qayıtmağa imkanı yoxdur. Həm qanuni, həm də maddi. Ona görə də iyunun 15-dən sonra Rusiyanı tərk etməsi məcburiyyəti yaranacaq. Aidiyyəti qurumlar bu məsələdə vətəndaşlarımıza dəstək olmalıdırlar. Həmin şəxslərin ölkəmizə çarter reysləri ilə gətirilməsi ilə bağlı müəyyən işlər görülməlidir. Yaxşı olar ki, çarter reyslərinin qiyməti hər kəs üçün əlçatan olsun”.
Günel CƏLİLOVA