Erməni mediası yenidən Rusiyanı sərt ittiham etməyə başlayıb. Ermənistanda müxalifət və bir sıra ekspertlər Rusiyanı Ermənistana dost yox, hətta düşmən hesab edirlər.
Qeyd olunur ki, Rusiya bilərəkdən onların əleyhinə addım atır: “Rusiya bu məsələdə çirkli oyun oynayır. Rusiya Ermənistanın KTMT-dəki tərəfdaşı olaraq nəinki bu hadisələrin qarşısını almadı, hətta öz xarici işlər naziri Sergey Lavrov vasitəsilə bənzər fəaliyyətləri dolayı şəkildə təşviq etdi. Ermənistanın əsl sərhədlərini dəyişmək üçün Kreml aktivliyini artırıb. Lavrovun sərhədlərlə bağlı son açıqlaması Ermənistana qəsddir”.
Erməni diplomat Ara Papyan deyib ki, Rusiya prezidenti Vladimir Putin istədiyi təqdirdə bütün müttəfiqlik sənədlərini cırıb ata bilər. O qeyd edib ki, Rusiya Ermənistanın arxasında durmayacaq: “Çünki bu, rəsmi Moskvaya sərf etmir. Rusiya niyə 80 milyonluq Türkiyə ilə Ermənistana görə münasibətlərini pozsun ki? Söhbət satış bazarından və böyük perspektivi olan layihələrdən gedir. “Rusiya Ermənistanın müdafiəçisidir” mifi çoxdan dağıdılıb. Xatırladım ki, Rusiya ABŞ və Fransa ilə birlikdə Ukraynanın nüvə silahından imtina etməsi qarşılığında bu ölkənin ərazi bütövlüyünün qarantı idi. Bunun üçün hətta Sevastopolda hərbi dəniz bazası yerləşdirdi. Ancaq biz nə görürük? Krım ilhaq edildi. Donbasın yarısı işğal edildi. Ona görə də Putin öz xeyrinə Rusiyanın Ermənistan qarşısında öhdəliklərini təmin edən istənilən kağızı cırıb zibil qutusuna atacaq”.
Bir sözlə, bir sıra erməni millətçiləri hesab edirlər ki, Rusiya Ermənistanın saxta müttəfiqidir.
“Antirus ovqatının güclənməsi onu göstərir ki, ermənilər istədiklərini Kremldən qopara bilmirlər”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, ermənilərin Rusiyaya yönəlik bu cür aqressivləşməsi bir sıra amillərdən irəli gəlir: “Ümumilikdə, ermənilər uzun illərdir ki, hiyləgərcəsinə ayrı-ayrı güclü dövlətlərdən öz məqsədləri üçün istifadə edirlər. Erməni dövlətinin yaradılması da, ondan sonra Azərbaycan ərazilərinin qoparılaraq ermənilərə verilməsi də bu hiyləgərliyin nəticəsində olub. İndiki halda ermənilər hesab edirlər ki, Rusiya bunların əvəzinə döyüşməlidir. Bunların əvəzinə Azərbaycandan torpaq alıb onlara verməlidir. Xüsusən də sərhədlərin delimitasiyası və Azərbaycanın möhkəmlənməsi onları lap dəli edir. Çünki sözügedən ərazilərin Azərbaycana məxsus olması və Rusiyanın neytral mövqedən çıxış etməsi erməniləri qıcıqlandırır. Zatən, ermənilər 44 günlük müharibədən sonra Rusiyadan yanıqlıdırlar. Bir çoxu bunu açıq deyə bilmir, amma daxilən Rusiyaya nifrət edirlər. Çünki erməni xisləti elədir ki, onlar əsl niyyətlərini çox vaxt büruzə vermirlər. Bütün bunlar onu göstərir ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onlar istənilən vaxt Rusiyanı satmağa hazırdırlar. Son vaxtlar Ermənistanda antirus ovqatının güclənməsi onu göstərir ki, ermənilər istədiklərini Kremldən qopara bilmirlər. Baxmayaraq ki, Ermənistanın var olması Rusiyanın hesabına olub. Ancaq məlum olur ki, bütün bunlar ermənilər üçün yetərli deyil. Onlar daha çox istəyirlər”.
Partiya sədri hesab edir ki, bundan sonra da Ermənistanda Rusiyaya yönəlik bu cür ittihamlar səslənəcək.
Vidadi ORDAHALLI