İƏT nümayəndələri ermənilərin donuz saxladığı İbrahim Xəlil Xan İmarətində oldular, Ağdam məscidində namaz qıldılar...

img

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfər edib.

“Trend”-in Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyəti səfər çərçivəsində Ağdam Cümə məscidində olub, orada namaz qılıblar.

Nümayəndə heyəti Ağdam şəhərində İbrahim Xəlil Xanın İmarətində də olub. Məlumat verilib ki, xanın sülaləsi burada dəfn edilib. Xanın burda dəfn edilən ailə üzvlərinin hər birinin məzarı üstündə məqbərə inşa edilib. İşğaldan sonra ermənilər buranı da viran qoyublar. Xaraba qalan binalarda isə donuz saxlanılıb.

O da bildirilib ki, imarətin yanında Ağdamın məşhur "Qarabağ" futbol klubunun stadionu olub.

Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Ağdama səfəri çərçivəsində Pakistanın daimi nümayəndəsi Rizvan Səid Şeyx deyib ki, ermənilər 30 il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərində böyük dağıntılar törədiblər.

O qeyd edib ki, bu miqyasda dağıntılar təəssüf doğurur: “30 il ərzində ermənilər tərəfindən törədilmiş böyük dağıntıları öz gözlərimizlə görməyə gəlmişik. İƏT, Pakistan hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycana öz siyasi dəstəyini göstərib.

Mən Təmas Qrupunun üzvü kimi Azərbaycan xalqını müharibədə əldə etdiyi qələbə münasibətilə təbrik edirəm. Gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşü keçiriləcək və həmin görüşdə biz gördüklərimiz barədə məruzə edəcəyik və bütün İƏT-ə üzv ölkələri işğaldan azad edilmiş ərazilərin bərpasına kömək göstərməyə çağıracağıq”.

Daha sonra İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Gəncə şəhərinə səfər ediblər.

“Burada gördüyümüz mənzərə həqiqətən ürəkağrıdıcıdır”. Bunu isə İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə və Gəncəyə səfəri çərçivəsində Qambiyanın İƏT-dəki səfirinin müavini Əbubəkir Cah deyib.

"Biz kifayət qədər dağıntıların şahidi olduq və dua edirəm ki, belə bir faciə bir daha yaşanmasın. Biz burada Azərbaycan xalqına qarşı genişmiqyaslı erməni vəhşiliyinin şahidi oluruq və dünya ictimaiyyəti olaraq bunu qınayırıq, pisləyirik" - deyə, o bildirib.

Gəncədə Ermənistan tərəfidən mülki insanlara qarşı raket atılmasına münasibət bildirən Ə.Cah qeyd edib ki, burada insan tələfatı olub və mülki insanlara qarşı bu cür hərəkət böyük bir terrorun nümunəsidir.

Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

Son xəbərlər