Bu gün Azərbaycan və Pakistan arasında münasibətlərin dinamik şəkildə inkişafı müşahidə edilməkdədir. Hesab edilir ki, bu iki dost ölkənin biri-birinə yaxınlaşması bundan sonra da davam edəcək və bu bir çox sahələrlə yanaşı, hərb müstəvisində də özünü qabarıq büruzə verəcək. Bunu şərtləndirən əsas səbəblərdən biri ölkələr arasında yüksək qarşılıqlı etimad, bir-birinə davamlı dəstəkdir.
Xatırladaq ki, Pakistan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə qətiyyətli dəstək nümayiş etdirib. Azərbaycan da daim Pakistanla əməkdaşlığa xüsusi önəm verib, bu ölkə ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Rəsmi Bakı hər zaman Pakistanın problemlərinə böyük həssaslıqla yanaşıb, onların həlli istiqamətində real dəstəyini ifadə edib. Azərbaycan Kəşmir məsələsində də ən yüksək səviyyədə Pakistanın yanında olduğunu açıqlayıb. Bu dəstək ölkəmiz tərəfindən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. Hazırda bu iki dost İslam ölkəsinin sıx əməkdaşlığı və bir-birini dəstəkləməsi müsəlman dünyasında həmrəyliyin uğur nümunəsi kimi qiymətləndirilir. Ölkələrimiz arasında mövcud münasibətlər ideal xarakterə malikdir. Bundan da qazanan tərəf ölkələrimizin qardaş xalqları və bütün müsəlman dünyasıdır. Cari ilin yanvarında Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin İslamabadda baş tutan üçtərəfli görüşü ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir, bu mənada çox böyük və müstəsna əhəmiyyətə malik olan hadisə sayılır. Burada əldə edilən razılıqlar və imzalanan bəyannamə ölkələr arasında müxtəlif istiqamətlərdə əməkdaşlığı möhkəmləndirir.
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan və Pakistan arasında hərbi sahədə də əlaqələr dinamik inkişafa malikdir. Bunu Pakistanın yüksək rütbəli hərbçilərinin cari il ərzində ölkəmizə intensivləşən səfərləri də təsdiq edir. Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini, hava marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana son işgüzar səfəri də bu qəbildəndir. Aamir Masuddan öncə isə cari il ərzində Pakistanın Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Mücahid Anvar Xanın, Sərhəd İşləri Təşkilatının baş icraçı direktoru, general-mayor Kamal Azfarın, Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdə olublar. Qeyd edilən səfərlər çərçivəsində Azərbaycan və Pakistan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi əsas diqqət mərkəzində yer alıb. Hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdirilməsinə dair müvafiq razılıqlar əldə olunub.
Bu gün iki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensial mövcuddur. Pakistanın bu prosesdə maraqlı tərəf kimi çıxış etməsi bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza tərəfindən ifadə olunub. O, ölkəsinin Azərbaycanla hərb sahəsində daha dərin əməkdaşlıq qurmaq niyyətini ən yüksək səviyyədə ifadə edib. Azərbaycan da hərb müstəvisində münasibətlərin dərinləşməsində maraqlıdır. Elə Prezident İlham Əliyev də bildirib ki, hərbi sahədə iki ölkənin əməkdaşlığının böyük potensialı var və Azərbaycanla Pakistanın birgə hərbi təlimlər keçirməsinin vaxtı çatıb. İki ölkənin Silahlı Qüvvələri arasında artan təmaslar da birgə hərbi təlimlərin keçirilməsi üçün müsbət zəmin yaradır. Burada xatırlatmaq lazım gəlir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri cari ilin fevralında Pakistanın Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak ediblər. Hərbi əlaqələrin intensiv inkişafı fonunda Azərbaycan Pakistandan müxtəlif təyinatlı müdafiə məhsullarının alınmasına xüsusi diqqət yetirir. Bu çərçivədə Azərbaycanın Pakistandan müasir “JF Thunder 17” qırıcı təyyarələrini alması gözlənilir. Bu, iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığının daha da dərinləşməsinə rəvac verəcək.
Pakistanın raket arsenalı da Azərbaycan üçün cəlbedicidir. Söhbət ilk növbədə Pakistan istehsalı olan “Şahin-1”, “Hatf-1” raketlərindən gedir. “Şahin-1” 750 kilometr məsafədə hədəfi vurur. “Hatf-1” raketi isə “Şahin-1”in təkmilləşdirilmiş formasıdır və daha uzaq məsafədə hədəfi vura bilir. Bu raketlər yüksək dəqiqliyə malikdir və Hava Hücumundan Müdafiə sistemləri onu tuta bilmir. Raketlər strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, Pakistan hərbi sənayesi "Babur" və "Raad" qanadlı raketləri, yüksək dəqiqlikli H-2 qanadlı raketi istehsal edir. Bu raketlərin müəyyən növlərinin idxalı Azərbaycan üçün maraqlıdır. Pakistan istehsalı olan orta mənzilli “Şahin” ballistik raketlərinin bütün növləri isə çoxdan Azərbaycanı maraqlandırır. İndilikdə dərinləşən hərbi əlaqələr Azərbaycan və Pakistan ordularının daha da güclənməsinə, döyüş qabiliyyətinin davamlı yüksəlməsinə münbit şərait yaradır. Bu da ölkələrimizin təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Hərbi sahə ilə yanaşı digər istiqamətlər, o cümlədən ticarət, enerji, turizm, İKT və başqa sahələrdə də Azərbaycan-Pakistan əlaqələri sürətlə inkişaf edir.
Ramil QULİYEV