Ermənistanda iyunda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri yaxınlaşdıqca, siyasi gərginlik və bununla bağlı ziddiyyətli müzakirələr artır.
Ermənistanın Siyasi-İqtisad Tədqiqatlar İnstitutunun rəhbəri Andranik Tevanyan sosial şəbəkədəki hesabında iddia edib ki, guya Paşinyan seçkidə qalib gəlsə, bu, Türkiyə və Azərbaycanın hesabına olacaq: “Nöbədənkənar parlament seçkiləri, Nikol Paşinyanın başçılığı və iştirakı ilə keçirilsə, bu, Ermənistanın müasir tarixində görünməmiş olacaq. Müxtəlif ölkələrin casus şəbəkələri açıq və birbaşa orada iştirak edəcəklər. Türkiyə və Azərbaycan seçkilərdə iştirak edəcəklər. Konkret dairələri - "qərbyönümlülərə" qədər dəstəkləyəcəklər.
Yeri gəlmişkən, aqressiv türk yanlısı təbliğat çoxdan başlayıb. Buna qıvrım saçlı təlxək başladı. Daha sonra ali baş təlxək ona qoşuldu. Erkən seçkilər baş nazirlik və Nikolun iştirakı ilə keçirilsə, Ermənistan-Türkiyə müharibəsi məntəqələrə köçəcək. Ciddi gərginlik gözlənir”.
A. Tevanyan daha sonra bunları əlavə edib: “Təhlükəsizlik böhranı, siyasi, iqtisadi, sosial, humanitar, mənəvi-psixoloji, şəxsiyyət, şəxsiyyətlərarası böhranlar yalnız N.Paşinyanın vəzifəsindən uzaqlaşdırılması (seçimlərə qədər) və dövlətyönümlü qüvvələrin qələbəsi ilə aradan qaldırıla bilər. Əks təqdirdə, bu böhranlar daha da pisləşəcək və seçkilərdən sonra ölkəmiz özünü daha da zəif, parçalanmış, ümidsiz vəziyyətdə tapacaq”.
Göründüyü kimi, Paşinyana müxalif olan qüvvələr onun yenidən qalib gəlmə ehtimalından narahat olduqlarına görə ən ağlagəlməz ehtimallarla çıxış edirlər. Maraqlıdır, ermənilər Paşinyanın gözlənilən qələbəsini niyə Azərbaycan və Türkiyə ilə bağlayırlar?
“Ermənilər nə qədər məkrli bir millət olsalar da, iqtisadi canlanma məğlubiyyət sindromunu zəiflədəcək”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov bunu bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla bunun bir səbəbi revanşist mövqedən çıxış edən qüvvələrin xəstə təxəyyülündən irəli gəlir. Çünki onlar Paşinyan seçkilərdə qalib gəlməsin deyə ən müxtəlif uydurmalarla çıxış edirlər. Hətta Paşinyanı türk hesab edən ağılsız ermənilər də var. Azərbaycanla Türkiyənin Ermənistanla diplomatik əlaqələri yoxdur, gediş-gəliş mövcud deyil. Belə olan halda, bu ölkələr Ermənistandakı seçkilərə necə təsir edə bilər ki? Ancaq məsələ ondadır ki, xəstə düşüncəli revanşistlər Paşinyanın gözlənilən qələbəsini onun kommunikasiya xətlərinin açılması ilə bağlı sərgilədiyi siyasətlə əlaqələndirirlər. Söhbət Zəngəzur dəhlizinin Ermənistana da yarada biləcəyi yeni iqtisadi imkanlardan gedir. Paşinyan bu günlərdə açıq bəyan etdi ki, nəqliyyat dəhlizlərinin açılması bütün tərəflərin xeyrinə olacaq. Bundan çıxış edən bir sıra erməni analitikləri Paşinyanın guya Türkiyə və Azərbaycanın xeyrinə işlədiyini deyirlər.
Əslində, vəziyyət necədir? Məsələ ondadır ki, Paşinyan Ermənistanın çıxış yolunun nəqliyyat dəhlizlərinin açılmasından keçdiyinin fərqindədir. Çünki Ermənistanın başqa uyğun seçim variantı yoxdur. Bunun başlıca səbəbi ölkənin açıq dənizə çıxışının olmamasıdır. Müharibədən sonra Paşinyanın reytinqi düşsə də, yenə onun tərəfdarları müxalif rəqibləri ilə müqayisədə çoxdur. Revanşistlər yaxşı bilirlər ki, tranzit əlaqələrinin bərpası bu və ya digər dərəcədə Paşinyanın xeyrinə işləyəcək. Ermənilər nə qədər məkrli bir millət olsalar da, iqtisadi canlanma məğlubiyyət sindromunu zəiflədəcək. Ona görə də Paşinyana müxalif olan qüvvələr hər vasitə ilə onun seçkilərdə iştirakını əngəlləməyə çalışırlar. Üstəlik, dəhlizlərin açılması Rusiyanın da maraqlarına uyğundur. Yoxsa, belə olmasaydı, Rusiya açıq şəkildə müharibənin başlamasına qarşı çıxardı. Azərbaycanla Türkiyə Ermənistanda mötədil qüvvələrin hakimiyyətdə olmasında maraqlıdırlar. Tutaq ki, revanşistlər qalib gəlib nə qələt edəcəklər? Mövcud vəziyyət və onun yaratdığı reallıqlar ortadadır. Bunları görməmək üçün gərək ağılsız olasan”.
Partiya funksioneri yekun olaraq bir daha qeyd etdi ki, Ermənistanın alternativ seçim imkanı yox dərəcəsindədir.
Vidadi ORDAHALLI