Qarabağ müharibəsi regional konyunkturada həlledici əhəmiyyətə malik olub. Belə bir yazı ilə çıxış edən Ermənistanın “Past” nəşri yazır ki, 44 günlük müharibədə erməni tərəfinin məğlubiyyəti regional qüvvələrin nizamını dəyişdirib və yeni status-kvonun yaranmasına səbəb olub: “Doğrudur, potensial baxımından tərəzinin gözü hələ uzun müddətdi Türkiyə-Azərbaycan tandeminə tərəf əyilmişdi, lakin müharibə onlara coğrafi və geosiyasi baxımdan irəliləyişə sahib olmaq imkanı verib. Bu yeni status-kvo isə erməni tərəfinin mövqeləri hesabına formalaşır, lakin türk proqramları onun təsəvvür edə biləcəyindən də uzağa gedir. Azərbaycan və Türkiyə Şərqi Qərbə bağlayan vacib dayanacaq olacaq xüsusi əhəmiyyətli oyunçuya çevrilmək istəyir. Və bu mənada Ankaranın böyük regional layihələrdə bənzərsiz bir təsirə sahib olmaq üçün böyük ölçüdə maraq nümayiş etdirməsi təsadüfi deyil”.
Erməni şərqşünas Sergey Melkonyan isə bildirir ki, Ermənistan hökuməti Azərbaycan və Türkiyənin şərtlərini qəbul etməyə məcburdur: “Bakı indi Zəngəzur adlandırdığı dəhlizin tezliklə işə düşməsinə çalışır. Ermənistan Azərbaycanın və Türkiyənin bu xüsusda istəyinə müsbət cavab vermək zorundadır. Son həftələrdə hakimiyyətin səsləndirdiyi bütün bəyanatlar və mesajlar buna yönəlib”. Melkonyanın sözlərinə görə, indiki halda Türkiyə ilə dialoqa hazırlıqı məsələsini Ermənistan səlahiyyətliləri, o cümlədən keçmiş səlahiyyətlilər dəfələrlə səsləndirib: “Lakin kapitulyasiya əhval-ruhiyyəsi, bu gün Ermənistanın hazırkı rəhbərliyinin tutduğu bənzər məğlub mövqeyi heç vaxt olmayıb”. Ekspertlər isə qeyd edir ki, indiki halda Azərbaycan və Türkiyə faktoruna qarşı Ermənistanın hansısa ciddi müqaviməti mümkün deyil. Bu, ermənilərin ciddi narahatlıq ifadə etdiyi Zəngəzur dəhlizinə də aiddir. Yaxın tezlikdə bu dəhlizin işə düşməsi qaçılmaz proses sayılır. Burada qeyd edək ki, 1920-ci ilin noyabrında Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasını coğrafi baxımdan parçalamaqla yanaşı, onlar arasında əlaqələrin sonrakı inkişafına da ciddi zərbə vurdu. Lakin Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat vəziyyəti artıq tam dəyişdirib. Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və ölkəmizin əsas hissəsini Naxçıvan, daha sonra Türkiyə ilə birləşdirəcək yeni dəhliz yaradılacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi türkdilli dövlətlər arasında coğrafi bağların yenidən qurulmasında mühüm rol oynayacaq. Zəngəzur dəhlizinin işə düşməsi, eyni zamanda, regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaradacaq. Bu kommunikasiya xətti din, dil, kök bağları eyni olan türkdilli ölkələri bir-birinə daha qırılmaz tellərlə bağlayacaq. Bununla iqtisadi, eyni zamanda siyasi əlaqələr daha da güclənəcək. Ən əsası, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, eyni zamanda digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün olduqca vacibdir. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan da maraqlı olmalıdır.
Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Azərbaycan, qeyd edildiyi kimi, Naxçıvan vasitəsilə Türkiyə ilə, Orta Asiya Avropa ilə birləşmək imkanı qazanır. Bununla Avrasiya məkanında yeni mühüm nəqliyyat dəhlizi yaranır. Xatırladaq ki, Türk Şurasının fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə çıxışında bununla bağlı mühüm məqamlara toxunub: “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və İrəvan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”. Bu dəhlizin işə düşməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsi dövründə bağlı qalan kommunikasiya əlaqələrinin yenidən bərpası Azərbaycanın regionda geosiyasi, geoiqtisadi mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq. Məhz bundan irəli gəlir ki, qeyd edilən məsələ Azərbaycan üçün həyati önəm kəsb edir və ölkəmiz tərəfindən bu kontekstdə artıq zəruri addımlar atılır. Horadiz-Ağbənd dəmir yolu xəttinin inşasına başlamaqla Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində praktiki işlərə start verib. Ümumi uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti strateji əhəmiyyətə malikdir. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaradılacaq. Beləliklə, uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan dəmir yolu ilə bir-birinə bağlanacaq. Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və Bakı-Tiflis-Qars xəttindən sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Bu yoldan region ölkələrinin hamısı, o cümlədən Ermənistan da istifadə edə bilər. Azərbaycan bununla postmüharibə dövründə regional əməkdaşlığın inkişaf etdirilməsində maraqlı tərəf olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, rəsmi Bakının mövqeyi həm də bundan ibarətdir ki, bölgənin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risqlərinin sıfıra endirilməsi üçün nəqliyyat layihələri xüsusi rol oynayır. Başqa sözlə, sözügedən nəqliyyat layihələrinin həyata keçməsi Azərbaycanın sülhə verdiyi vacib töhfələrdəndir. Reallaşdırılacaq nəqliyyat layihələrindən böyük mənfəət əldə edəcək tərəflərdən biri isə Ermənistandır. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir yolundan Ermənistan da istifadə edə biləcək, İranla birbaşa dəmir yolu bağlantısı qurmaq imkanı qazanacaq. Rəsmi Bakı Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açılmasına da imkan yaratmağa hazır olduğunu bildirir. Lakin Ermənistana böyük dividendlər qazandıracaq nəqliyyat layihələrinə bu ölkədəki revanşist qüvvələr tərəfindən ciddi narazılıq ifadə olunur. Bununla belə, Ermənistanda səslənən fikirlərə və nümayiş etdirilən fərqli mövqelərə baxmayaraq, Zəngəzur dəhlizinin reallaşması mütləqdir. Bunu şərtləndirən əsas səbəblər Azərbaycanın iradəsi, Ermənistanın müvafiq öhdəlikləridir.
Samirə SƏFƏROVA