Rusiya ilə Ukrayna arasında vəziyyət getdikcə daha da gərginləşir. Xüsusilə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini separatçıların nəzarətindəki Şəqri Ukraynaya göndərməsindən sonra bölgədə müharibə təhlükəsi yaranıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, martın sonlarında dörd Ukrayna əsgərinin snayperlə öldürülməsi nəticəsində atəşkəs yenidən pozulub. Ardınca bölgədən, dünya mediasında böyük müharibəyə hazırlıq kimi dəyərləndirilən görüntülər yayılıb. Görüntülərdən məlum olur ki, Rusiya əlavə minlərlə əsgərini və yüzlərlə ağır hərbi texnikanı Ukrayna sərhədinə və Krıma göndərib. Ukrayna mediası Donbasa doğru gedən Rusiya konvoylarının görüntülərini yayımlayıb. Rusiya mediasının yaydığı görüntülərdə də yüzlərlə tank və zirehli texnikanın, habelə S-400 raketdən müdafiə sistemlərinin Ukrayna sərhədinə aparıldığı görülür.
Ukraynanın baş qərargah rəisi Rusiyanın hərbi təlim adı altında qaynar bölgəyə 25 batalyon əlavə əsgər göndərdiyini bildirir.
Rusiyanın bölgəyə hərbi qüvvə topladığına dair yayılan görüntülərdən sonra rəsmi Kiyev NATO qırıcı təyyarələrinin Ukrayna hava məkanında patrul reydlərinə başlamasına icazə verib.
Ukrayna, NATO üzvü olan ölkələrin təyyarələrini Donbas və Ukrayna-Rusiya sərhəd bölgələrindəki hava sahəsinə çəkməyi planlaşdırır. Müşahidəçilər bu vəziyyətdə, NATO-nun separatçı Donetsk və Luqansk Xalq respublikalarının mövqelərinə hücum edə biləcəyini istisna etmirlər.
Ukraynanın hava sərhədlərində NATO hərbi aviasiya patrul xidmətinin necə təşkil ediləcəyi iki gün əvvəl Kiyevlə alyans arasında müzakirə edilib. Bu səbəbdən də Rusiya sərhədindəki gərginliyin əhəmiyyətli dərəcədə artacağı gözlənir. Ekspertlərə görə, bu addımlara cavab olaraq Rusiya öz əsgərlərini və bombardmançılarını qonşu Belarusa yığmağa başlaya bilər.
Hətta Vladimir Putinin ən sadiq müttəfiqi Belarusun da Moskvanın Ukraynanı mühasirəyə almasına qoşulduğu və cənub sərhədinə hərbi qüvvə yığmağa başladığına dair xəbərlər yayılıb.
Digər tərəfdən Rusiya mətbuatı iddia edir ki, Ukrayna Luqansk bölgəsini artilleriya atəşinə tutub, təcili iclas keçirən NATO isə Ukraynaya qoşun göndərməyə başlayıb.
Rusiyalı hərbi ekspert Pavel Felgenhauer isə, sərhəddə Rusiyanın döyüş qüvvələri ilə yanaşı kiçik ölçülü hava desant qoşunlarının da olduğunu bildirir. Felgenhauerə görə, Rusiya Odessa və Mikolaivi işğal etmək üçün Normandiya bənzəri bir əməliyyat keçirə bilər.
Tahir TAĞIYEV